• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Cəlilabadda vətəndaşları qəbul edib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Cəlilabadda vətəndaşları qəbul edib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli fevralın 9-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, sığorta ödənişləri, əkin subsidiyası, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədin əldə olunmasında çətinliklər, "Fermer kartı"nın blokdan çıxarılması və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları rayonun Privolnoye kəndində taxıl sahələrinə baş çəkib, əkinlərin vəziyyəti ilə maraqlanıblar. Daha sonra fermer Vüqar Musayevin çiyələk təsərrüfatına baxış keçirilib. Fermer istixana şəraitində çiyələk yetişdirilməsi prosesi barədə məlumat verib, məhsul istehsalının artırılması, innovativ aqrotexniki tədbirlər, çiyələk yığımı, qablaşdırma, daşıma, xarici bazarlara ixrac prosesi barədə geniş məlumat verib. Qeyd olunub ki, rayonda istixana şəraitində çiyələk yetişdirilməsinə maraq ildən-ilə artır, bu sahənin inkişafı il boyu aqrar sahədə məşğulluğun təmin olunmasına, fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərir. Açıq sahədə görüş zamanı fermerə kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda geniş məlumat verilib.