• Ana səhifə
  • Xəbərlər
  • “Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda respublika elmi-prak...
“Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında “Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) həsr edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov kənd təsərrüfatında təbii resursların səmərəli istifadəsinin müasir aqrar siyasətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb, bu çağırışlara cavab vermək üçün dayanıqlı inkişafın vacibliyini diqqətə çatdırıb. Həmçinin, ADAU-nun dayanıqlı kənd təsərrüfatı üzrə aparıcı təhsil və tədqiqat mərkəzi kimi rolunu qeyd edərək, universitetin bu sahədə beynəlxalq tərəfdaşlıqlar qurduğunu və innovativ layihələr üzərində çalışdığını bildirib. Rektor bu konfransın da məhz dayanıqlı inkişaf hədəflərinə çatmaq və təbii resursların mühafizəsini təmin etmək məqsədilə elmi və praktik təcrübələrin mübadiləsi üçün vacib platforma olduğunu deyərək konfrans iştirakçılarına uğurlar arzulayıb.

Sonra ADAU-nun tanıtım çarxı nümayişi olunub.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Qərb bölgəsinin kənd təsərrüfatı potensialının yüksək olduğunu vurğulayıb. O, bölgənin aqrar sektorda payının böyük olduğunu və bu sahədə inkişaf üçün geniş imkanların mövcudluğunu qeyd edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat öz növbəsində təbii resursların səmərəli idarə olunmasının qlobal əhəmiyyətinə toxunub, dayanıqlı kənd təsərrüfatının dünya miqyasında prioritet olduğunu bildirib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycanın aqrar sektorundakı nailiyyətlərinin, ölkəmizin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olduğunu vurğulayıb, dövlətin daimi olaraq aqrar sektora xüsusi diqqət və dəstək göstərdiyini qeyd edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Anar Əzimov və KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov çıxışlarında kənd təsərrüfatında təbii resursların qorunmasının və effektiv istifadəsinin vacibliyini diqqətə çatdırıblar. Onlar, həmçinin aqrar sahədə innovativ yanaşmaların tətbiqi və sektorda davamlı inkişafın təmin edilməsi üçün atılan addımların əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda Azərbaycan Dövlət Aqrar Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.