“Aqroservis” ASC-nin yaranmasının 20 illik yubileyi qeyd edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” ASC-nin yaranmasının 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov, sədrin müşaviri İsrafil İsmayılov, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, və ASC-də 20 ildir fəaliyyət göstərən əməkdaşlar “Aqroservis” ASC-nin yaranma tarixi, fəaliyyətinin inkişaf mərhələləri, aqrar sahədəki rolu və həyata keçirdiyi mühüm tədbirlər barəsində ətraflı məlumat veriblər.

Bildirilib ki, "Aqroservis" ASC “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmaqla Azərbaycanın kənd təsərrüfatı sektorunun müasirləşdirilməsi və inkişafında müstəsna rol oynayıb. Cəmiyyət aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək məqsədilə yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlər göstərilməsi məqsədilə 2005-ci ildə 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri qurulub.

Sonradan Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamlara əsasən onun fəaliyyət istiqamətləri daha da genişləndirilib, Cəmiyyyət kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrokimyəvi maddələrin və bitki mühafizəsi vasitələrinin güzəştlə satışını, texnoloji avadanlıqların, o cümlədən suvarma sistemləri avadanlıqlarının, damazlıq heyvanların lizinq yolu ilə satışını, tinglərin və toxumların satışını həyata keçirib. 2008-ci ildə Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildə Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabad və Bərdə logistik gübrə bazaları istifadəyə verilib.

2014-cü ildən başlayaraq ASC kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətləri yerlərdə regional nümayəndəliklərin və onların rayon bölmələri vasitəsilə həyata keçirir.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Fərmana əsasən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Fəaliyyət göstərdiyi illər ərzində "Aqroservis" ASC kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi, fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin kənd təsərrüfatı maşın və avadanlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Həyata keçirilən xidmətlər, fermerlər üçün daha səmərəli və dayanıqlı istehsal üsullarının əldə edilməsinə gətirib çıxarıb.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına kənd təsərrüfatı təyinatlı texnikaların, mineral gübrələrin, pestisidlərin, ehtiyat hissələrinin satışını, müxtəlif aqrotexniki xidmətlərin və məhsul yığımının təşkilini həyata keçirmək məqsədilə "Aqroservis" ASC-nin 3 təchizat və satış mərkəzi, 9 regional nümayəndəliyi, 32 rayon bölməsi fəaliyyət göstərir.