• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş ke...
Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüş keçirilib. Görüşdə buğda və arpa istehsalında ağıllı kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub.

Qonaqları salamlayan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, müasir dövrdə kənd təsərrüfatında geniş şəkildə tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır. Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatının məhsuldarlığının artması ilk növbədə stress amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır. Azad Cəfərli əlavə edib ki, kənd təsərrüfatının iki əsas sahələrindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri (buğda, arpa, çəltik və qarğıdalı) əhəmiyyətli rol oynayır. Bu baxımdan torpaq, qida maddələri, sudan səmərəli şəkildə istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.

AEBA-nın eksperti Qreyg Makkenzi öz növbəsində deyib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə agentlik arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir.

Görüş zamanı taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb, nüvə texnologiyasının və müvafiq metodların tətbiqinin aktual məsələlərdən olduğu qeyd olunub. Görüşdə həmçinin, seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr müzakirə olunub. Tərəflər bitkiçilik sahəsinin inkişafına verdiyi töhfələri nəzərə alaraq gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.