• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görü...
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçeliyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qonaqları salamlayan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli 29 oktyabr – Respublika Günü münasibətilə Türkiyə xalqını təbrik edib, qardaş ölkəyə əmin-amanlıq, rifah və firavanlıq arzu edib. Aparat rəhbəri Türkiyənin bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu və əlaqələrin dinamik inkişaf etdiyini deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində öz işini uğurla davam etdirir.

Hayrettin Özçelik öz növbəsində kənd təsərrüfatı sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla, o cümlədən TİKA ilə əməkdaşlıq davam etdirilir. Görüşdə TİKA ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.