Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində 25 avqust – 1 sentyabr 2019-cu il tarixlərində Oğuz şəhərində təşkil olunacaq AMAL Akademiyası Yay Məktəbinin rəsmi açılış mərasimi baş tutub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov AMAL Akademiyasının ilk Yay Məktəbinin iştirakçılarının aqrar sahəyə peşəkar maraqlarını yüksək qiymətləndirib və gənclərə kənd təsərrüfatı sahəsində gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Açılış tədbirində fəxri qonaq qismində iştirak edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bu təşəbbüsü ümumi respublika miqyasında kənd təsərrüfatının inkişafına yeni yanaşma adlandıraraq yay məktəbinin məhz Oğuzda başlanmasını əlamətdar hadisə kimi qiymətləndirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak gənc iştirakçıları öz fəaliyyətləri ilə kənd təsərrüfatının inkişafına töhfə verməyə və gələcəkdə bu uğurlu təcrübəni digər ehtiyacı olan ölkələrin gəncləri ilə paylaşmağa çağırıb.
Daha sonra çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL layihəsi çərçivəsində keçirilən proqramlar haqqında məlumat verib. O, dövlətin və aidiyyəti qurumların indiyədək müvafiq proqramlar çərçivəsində verdiyi dəstəyi yüksək dəyərləndirib və iştirakçılara müvəffəqiyyət arzu edib.
Açılış mərasimində həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin rəhbəri Elvin Paşayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparat rəhbərinin müavini Elmar İsayev, Azərbaycan Respublikası Gənclər Fondunun hüquq, kadrlar və kargüzarlıq şöbəsinin müdiri Ramil Məmmədov və digərləri iştirak edib. Qonaqlar AMAL Akademiyasının ilk yay məktəbinin iştirakçılarına kənd təsərrüfatı sahəsində gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yay Məktəbinin açılış mərasiminin sonunda AMAL çərçivəsində keçirilmiş Gənc Fermerlər Proqramının uğurlu iştirakçıları ilə banklar arasında gənclərin biznes planlarına dair güzəştli kreditlərin verilməsi üzrə imzalanma mərasimi baş tutub.
Aqrar sahə üzrə bilik və bacarıqların artırılması məqsədi ilə ödənişsiz qaydada təşkil olunan yay məktəbinə ümumilikdə 122 nəfər müraciət edib və onlardan yalnız 56 nəfəri təlimlərdə iştirak etmək haqqı qazanıb. Yaş həddi 18-35 arası olan gənclərin seçimində əsas meyarlar - iştirak məqsədini izah edən motivasiya məktubu, ixtisas uyğunluğu və onların aqrar sahəyə maraqları olub.
İnteraktiv metodlarla aparılacaq və nəzəri hissəsi 20 saatdan ibarət olan təlimlərdə “Bazar Dəyər Zənciri”, “Bazar Dəyər Zəncirinin dəstək funksiyaları”, “Fermer hüquqları”, “Fermerlərin bazara çıxışı”, “Maliyyə resurslarına çıxış və kreditlər” “Qadınların İqtisadi Liderliyi”, “İnnovativ Kənd Təsərrüfatı”, “Kənd Təsərrüfatında qlobal tendensiyalar” və digər müvafiq mövzular əhatə olunacaq. Təlimlər ixtisaslaşmış təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
Gənclər nəzəri biliklərlə yanaşı, aqrar sahədə bacarıqlarını artırmaq üçün seçilmiş kənd təsərrüfatı müəssisə və ya təsərrüfatlara səfərlər edəcək, istehsal müəssisələrində prosesi canlı izləyə və təcrübə toplaya biləcəklər.
Bundan başqa, onları yay məktəbi dövründə motivasiyanı artıracaq xüsusi təlimlər və aqrar sahədə uğur qazanmış fermerlərlə şəxsi tanışlıq gözləyir.
Azərbaycanın 21 regionundan olan gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün təlim saatlarından sonra əyləncəli proqram tərtib olunub. Həftə ərzində həmçinin mədəniyyət axşamının keçirilməsi planlaşdırılır. Burada gənclərin öz yaradıcılıqlarını nümayiş etdirərək mənsub olduqları bölgəni xüsusi bir şəkildə təqdim etməsi və iştirakçılara Azərbaycanı daha yaxından tanıtması nəzərdə tutulur.
AMAL Akademiyasının Yay Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır.
Yay Məktəbinin sonunda iştirakçılar xüsusi sertifikat ilə təltif ediləcəklər.
İldə iki dəfə keçirilməsi nəzərdə tutulan AMAL Akademiyası Yay və Qış Məktəblərinin ərazi müxtəlifliyini qorumaq məqsədilə Azərbaycanın fərqli regionlarında təşkil olunacağı nəzərdə tutulur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024