• Ana səhifə
  • Xəbərlər
  • Fermerlər tərəfindən yeni məhsuldar çəltik sortlarının sınağı həyata keçirilir
Fermerlər tərəfindən yeni məhsuldar çəltik sortlarının sınağı həyata keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İslam Respublikasından Azərbaycana yeni çəltik sortları gətirilib.

Yeni “KS-282”, “KSK-133”, “PK-386” və “Chenab Basmati” çəltik sortları tezyetişən, məhsuldar və xəstəliklərə qarşı davamlıdır. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6.7 mm olmaqla məhsuldarlığı 10t/ha təşkil edir.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması istiqamətində tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olduğundan bu regiondan olan fermerlər tərəfindən yeni sortların sınaq işləri həyata keçirilməkdədir. Artıq sınağa qoyulmuş çəltik toxumları yüksək cücərmə qabiliyyəti nümayiş etdirir.

S.Sərxanov həmçinin əlavə edib ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq sertifitkatlı toxumların ölkəmizə gətirilməsi, yerli toxumçuluğun elmi əsaslarla daha da inkişaf etdirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Toxum Fondunun aqronomu və mütəxəssiləri tərəfindən Lənkəranda yeni sortların təqdimatı və dequstasiyası keçirilib. Fermerlərə yeni çəltik sortları barədə maarifləndirici məlumatlar verilib, bukletlər paylanılıb.