• Ana səhifə
  • Xəbərlər
  • SABİRABAD RAYONUNDA ƏKİN SAHƏLƏRİNƏ AQROKİMYƏVİ PASPORTLARIN VERİLMƏSİNİN ZƏRURİLİYI MÜZAKİRƏ OLUNUB
SABİRABAD RAYONUNDA ƏKİN SAHƏLƏRİNƏ AQROKİMYƏVİ PASPORTLARIN VERİLMƏSİNİN ZƏRURİLİYI MÜZAKİRƏ OLUNUB

 

26 oktyabr 2018-ci il tarixdə Sabirabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən “Aran iqtisadi zonasında fitosanitar vəziyyət, əkin sahələrinə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması” mövzusunda regional müşavirə keçirilib.

“Respublikada aqrokimyəvi xidmətin yaxşılaşdırılması və fitosanitar vəziyyətin təhlili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov əvvəlcə regional aqrokimya laboratoriyalarının yaradılmasının zəruriliyi barədə qısa məlumat verib. Bildirib ki, torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 11 regional aqrokimya laboratoriyası yaradılıb: “Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən  regional aqrokimya laboratoriyalarının idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb. Artıq Abşeron regional aqrokimya laboraoriyasının bazasında Respublika Aqrokimya Mərkəzinin yaradılması təklif olunub. Regional aqrokimya laboratoriyaları yeni tikilmiş binalarda yerləşdirilib. Abşeron Regional Aqrokimya Laboratoriyasında tikinti işləri son tamamlanma ərəfəsindədir. Digər aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb. Artıq Göygöl, Quba, Ucar, Şamaxı, Tovuz, Bərdə və Lənkəran regional aqrokimya laboratoriyalarında torpaq, suvarma suyu və bitki nümunələrinin aqrokimyəvi analizləri aparılır”.

Ölkənin fitosanitar vəziyyəti barədə qısa məlumat verən Ələddin Eyvazov, 2018-ci il ərzində bu sahədə bir sıra həlli vacib tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu tədbirlər sırasında ölkənin bitki örtüyünün qorunması istiqamətində aparılan aqrokimyəvi, mexaniki və kimyəvi mübarizə, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi tədbirləri ön sırada dayanır. Bu tədbirlər sayəsində ölkə ərazisində fitosanitar sabitlik təmin olunub. Dövlət Xidməti tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib”.

“Torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması” mövzusunda çıxış edən Dövlət Xidmətinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə bildirib ki, bu qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli fərmanının  1.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb: “Əsasən də əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması mexanizmini müəyyən edir. Torpaq mülkiyyətçiləri və istifadəçiləri torpaqlardan səmərəli istifadə etmək, onların təbii münbitliyinin korlanmasına yol verməmək və digər məqsədlər üçün onlara məxsus torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması üçün  Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilər”.

R.Vahabzadə qeyd edib ki, tarla işlərinin və torpaq nümunələrinin laboratoriya analizlərinin aparılması, aqrokimyəvi kartoqramların hazırlanması Kənd Təsərrüfatı Naziliyi tərəfindən təsdiq olunmuş təlimatlara uyğun həyata keçirilir: “Tədqiqatın nəticələri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhlil edilir və istiadəçiyə müvafiq torpaqların kartoqramları, tarla təcrübələrinin əsasında hazırlanmış tövsiyələri təqdim edilir”.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisdlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini diqqətə çatdırıb.

Pestisidlərdən yalnız lazım olduqda istifadəsinin vacibliyi barədə danışan D.Sultanov bildirib ki, əvvəlcə fenoloji müşahidələr düzgün təşkil olunmalı, sonra isə xəstəlik və zərərvericilər düzgün təyin olunmalıdır: “Əgər təyinat düzgün aparılmasa, kimyəvi mübarizə zamanı bir çox fəsadlar ortaya çıxa bilər. Mübarizə zamanı pestisidlər düzgün seçilməli, istifadə müddəti bitmiş və dövlət qeydiyyatından keçməyən pestisidlərin istifadəsinə yol verilməməlidir. Həmçinin, texniki vasitələrin və çiləyici aqreqatların nizamlanması, çiləyici ucluqları düzgün kalibrovka olmalıdır. Mübarizə qabağlı işçi məhlulunun hazırlanmasında durğun və bulanıq sulardan istifadə olunmamalıdır. Məhlulun hazırlanması üçün istifadə olunan suda “PH” mühitinin təyin edilməməsi kimyəvi mübarizənin keyfiyyətini aşağı salır. Məhlul tədarükündən əvvəl anbarlar zərərsizləşdirilməli, fumiqasiya tədbirləri gücləndirilməlidir. Tətbiq obyektinə görə  pestisidlər-insektisidlər, funqisidlər, herbisidlər, akarisidlər, zoosidlər, nematisidlər və s. kimi qruplara bölünürlər. Pestisidlər qrupuna bitkilərin boy maddələri də daxildir. Boy maddələri bitkilərin məhsuldarlığını artırır və məhsul vermə müddətini sürətləndirir, soyuğa və quraqlığa davamlılığını artırır”.

Qeyd edək ki, müşavirənin ikinci hissəsi açıq tarla şəraitində keçib və fermer təsərrüfat sahiblərinin, fiziki və hüquqi şəxslərin sualları cavablandırılıb. Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması, həmçinin zərərverircilərə və xəsətəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması ilə bağlı müvafiq tövsiyələr verilib. 




  • A
  • A
  • A