Zəfəran nadir və qiymətli bitkidir. Ölkəmizdə yalnız Abşeron yarımadasında bu qiymətli bitkidən məhsul almaq mümkündür. Yer kürəsində zəfəranın bir çox növü yayılmışdır. Bunlardan yalnız biri mədəni halda becərilir. Həmin növ zəfəranın yeraltı hissəsi yumru soğanaqlardan ibarətdir. Zəfəran bu soğanaqlar vasitəsi ilə çoxaldılır. Yarpaqları ensiz, uzunsov, tünd yaşıl rəngdədir. Uzunluğu 44-50 sm-ə çatır. Hər çiçəkdə altı ləçək olur. Soğanaqların çiçəkvermə qabiliyyəti onların böyüklüyündən asılıdır. Diametri 1-2 sm olan soğanaqların çox az hissəsi çiçəkləyir. Diametri 2-3 sm olan soğanaqların hərəsi orta hesabla bir çiçək verir. Diametri 3-4 sm olan olanların hərəsi 4-5 çiçək, diametri 4 sm-dən çox olanların hərəsi isə 8-9 çiçək verir.
Zəfəran, Abşeronda iyul, avqust aylarında əkilir. Cərgəarası məsafə 50 sm, cərgədəki soğanaqların arasındakı məsafə 8 sm olmalıdır. Bundan sıx əkildikdə məhsulun keyfiyyəti aşağı düşür. Soğanaqlar 15-20 sm dərinliyə əkilir. Becərməyə çiçək yığımı qurtarandan sonra başlamaq lazımdır. Bu zaman cərgə aralarına kultivasiya çəkmək lazımdır. Kultivatorun cərgəyə yaxın dişləri 8-10 sm dərinliyə, orta dişləri isə 16 sm dərinliyə batmalıdır. Kultivatorun yan dişləri cərgədən 10 sm aralı keçməlidir.
Cərgə aralarına kultivasiya çəkiləndə yığım dövründə tapdanıb bərkimiş torpaqlar yumşalır, havanın daxil olması asanlaşır. Cərgələrin yanlarında qalan müdafiə zolağı ketmənlə, cərgənin özü isə dəmir dırmıqla yumşaldılır, alaq otları təmizlənir. Dırmıqlardakı dişlərin arası elə olmalıdır ki, iş vaxtı o, pöhrələrin üstünə düşüb onları sındırmasın. Sonralar cərgə aralarında alaq və ya suvarmadan sonra qaysaq bağladıqda kultivatorla yumşaldılır.
Abşeronun açıq-boz torpaqlarının tərkibində qida maddələri azdır. Odur ki, torpağı əkinə hazırlayanda sahəyə əlavə gübrə vermək lazımdır. Zəfəranın çiçəkləri yığıldıqdan sonra onun intensiv böyüməsi başlayır. (Noyabrın axırı və ya dekabrın əvvəli). Odur ki, birinci dəfə əlavə gübrəni dekabrın əvvəllərində səpmək olar. Zəfəran əkilərkən torpağa kifayət qədər superfosfat və kalium duzu verildiyindən əlavə gübrə kimi yalnız amonium şorasından istifadə edilir. Dekabr və fevral aylarında hektara 150 kq amonium şorası, ikinci ildən etibarən isə hər hektara əlavə olaraq 200 kq superfosfat və 100 kq kalium duzu verilir. Sahənin hər yerinə eyni miqdarda gübrə səpmək düzgün deyil. Çünki, zəfəranın kökləri şaxələnmədən şaquli istiqamətdə uzanır. Kənara verilən gübrənin ona heç bir faydası olmur. Suvarma zəfəranın məhsuldarlığını və yumru soğanaq çıxımını artırır. Lakin suvarma zamanı bitkinin bioloji xüsusiyyətlərini nəzərə almaq vacibdir. Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, payızın əvvəllində yağışlar olanda zəfəranın vegetativ orqanları sürətlə inkişaf edir. Bu zaman su qənaətlə verilməlidir. Payız quraq keçdikdə isə yalnız oktyabr ayında bitkilər suvarılmalıdır.
Zəfəranın əsas zərərvericiləri dovşanlar və siçanlardır. Dovşanlar zəfəran yarpaqlarını böyük iştahla yeyir. Siçanlar isə torpağın altında yuva düzəldib zəfəranın soğanlarını zədələyir və ya tamam yeyir. Zədələnmiş soğanaqların yerüstü hissələri, yarpaqları saralır və quruyur. Ərəb dovşanları və siçanları sink fosfid qarışdırılmış buğda dənələrini yuvaya qoymaqla məhv etmək olar. Rizostoniya və sklerotina göbələk xəstəlikləri də zəfəranın düşmənidir. Rizostoniya xəstəliyinə tutulmuş plantasiyada yarpaqlar saralır. Bu zaman göbələk mitseli soğanaqların səthini örtür və tədricən soğanağın içinə keçir.
Xəstələnmiş yumru soğanaqların üzərində içərisində hisə oxşayan kütlə ilə dolu çuxurlar əmələ gəlir. Sklerotina göbələyi ilə xəstələnmiş yumru soğanaqlar cücərməyə başlayır. Hər iki xəstəliyə tutulmuş soğanaqları dərhal seçib ayırmaq və əkin qabağı formalinlə dərmanlamaq lazımdır. Bu bitki Abşerona VIII-IX əsrlərdə kiçik Asiyadan gətirilib. 1941-ci ilə qədər hər il yarımadada 600 kq-a qədər quru zəfəran hazırlanırmış.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024