• Ana səhifə
  • Xəbərlər
  • Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb

Aqrar sahədə elmi-tədqiqat işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, birgə tədqiqatların aparılması və institutlararası əlaqələrin daha da gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları arasında anlaşma memorandum imzalanıb. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda institutların rəhbərləri və aqrar sahədə fəaliyyət göstərən tədqiqatçıların iştirakı ilə görüş keçirilib.

Görüşdə kənd təsərrüfatının inkişafına dəstək vermək məqsədilə elmi-tədqiqat institutlarının gələcək əməkdaşlığının yeni mexanizmlər əsasında qurulması, elmi-tədqiqat mövzularının koordinasiyası, mövcud laboratoriyaların imkanlarından birgə istifadə, aqrar elmlər üzrə birgə nəşrlərin hazırlanması, yüksək indeksli jurnallarda müştərək məqalələrin nəşri, kadr hazırlığı, eləcə də birgə layihə, konfrans, seminar və müzakirələrin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutu, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər elmi-tədqiqat və təhlil işlərinin aparılması, layihələrin həyata keçirilməsi, konfranslar, seminarlar və maarifləndirici tədbirlərin təşkili, habelə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı razılığa gəliblər.

Tədbir iştirakçıları çıxış edərək müəyyən olunmuş istiqamətlərdə fəaliyyətlərini daha da genişləndirəcəklərini və aqrar sahəyə öz töhfələrini verəcəklərini diqqətə çatdırıblar.