Saatlı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşəbbüsü ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi üzrə növbəti “Bootcamp” baş tutub.
Tədbirin məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etməklə gənclərin kənd təsərrüfatı sektoruna marağını artırmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsinə imkan yaratmaqdır. “Bootcamp” həmçinin aqrar startap ekosisteminin inkişafına, iri şirkətlər, innovasiya mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
3–4 noyabr tarixlərində “Prime Cotton” MMC-nin Saatlı filialında keçirilən proqramda ölkənin 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər. “Aqronomluq”, “Data analitikası”, “Elektronika”, “Kompüter mühəndisliyi”, “Qida elmləri” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan tələbələr aqrar sahədə innovativ texnoloji həllərə dair layihələrini təqdim ediblər.
Təqdimatlar zamanı tələbələr tərəfindən kənd təsərrüfatında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə dair bir sıra yaradıcı layihələr nümayiş olunub. Onlar arasında “İferm”, “Dağlıq sudan suvarma suyunun istehsalı”, “Yaşılscan”, “AgroScan”, “AgroNimbus”, “LankonFarm”, “Fructa Drop”, “AgroVia”, “Bealance”, “F3-Fish Fertilizer” kimi startap ideyaları yer alıb. Bu layihələr aqrar sahədə məhsuldarlığın artırılması, resursların optimallaşdırılması və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində innovativ yanaşmaları ilə seçilib.
Proqram çərçivəsində təşkil edilən infotur zamanı “Bootcamp” iştirakçıları Mingəçevir Dövlət Universitetinə və Mingəçevir Tekstil Parkına səfər ediblər. Burada onlara aqrar infrastrukturun bərpasında rəqəmsal texnologiyaların rolu barədə məlumat verilib, müasir istehsalat prosesi və idarəetmə təcrübəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbirdə həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin, eləcə də aqrar istiqamətli şirkətlərin nümayəndələri iştirak edərək təqdimatlar keçirib, startap layihələrinin inkişaf perspektivləri barədə gənclərlə fikir mübadiləsi aparıblar.
Proqramın yekununda “Bootcamp” iştirakçıları Saatlı rayonunda keçirilən Aqrar Biznes və Pambıq festivallarında iştirak edərək bölgənin ekosistemi, istehsal potensialı və aqroturizm imkanları ilə tanış olublar. Onlar həmçinin öz layihə prototiplərini ziyarətçilərə təqdim edərək ideyalarını geniş auditoriyaya nümayiş etdirmək imkanı qazanıblar.
Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Zəngilan, Xaçmaz, Şamaxı, Saatlı rayonları və Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları həyata keçirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Biləsuvarda vətəndaşları qəbul edəcək
12 Noyabr 2025
Nazir müavini Sarvan Cəfərov Şamaxıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
12 Noyabr 2025
Göyçayda “Nar Festivalı” çərçivəsində “Aqrar Biznes Festivalı” keçirilib
12 Noyabr 2025
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib
07 Noyabr 2025
Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
06 Noyabr 2025