AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev sentyabrın 22-də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən torpaq sahəsinin sənədləşdirilməsi, subsidiyanın ödənilməsi, suvarma suyuna olan tələbat, aqrar sığorta, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin ətraflı araşdırılması, aidiyyəti üzrə yönləndirilməsi və Agentliyin səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində imzalanmış müvafiq sərəncam və qərarların aqrar sahənin davamlı inkişafına, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə və rifah halının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sərdar Hacıyev Ağcabədi şəhəri ərazisində “Azərpambıq” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Famil Quliyevin pambıq sahəsinə, həmçinin Təzəkənd kənd sakini Əbülfət Əsgərovun heyvandarlıq təsərrüfatına baxış keçirib.

Görüşlər zamanı  pambıq sahələrində həyata keçirilən defolyasiya tədbirləri, həmçinin heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti ilə bağlı məlumat verilib, fermerlərlə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə fermerlərə ətraflı məlumat verilib.