• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Fondun iştirakı ilə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ağacəkmə aksiyası keçirilib

Azərbaycanda aqrar sığorta sisteminin təşkili, təkmilləşdirilməsi və idarə olunması, eyni zamanda ölkəmizdə yeni yaradılan bu sahədə kadr hazırlığı prosesini sürətləndirmək məqsədilə Aqrar Sığorta Fondu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir.

Kənd təsərrüfatı üzrə ixtisaslaşmış qabaqcıl ali təhsil müəssisələrindən olan Lənkəran Dövlət Universiteti ilə Aqrar Sığorta Fondu arasında təhsil və təcrübə mübadiləsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda universitet tələbələrinin Aqrar Sığorta Fondunda təşkil olunan təcrübə proqramlarında iştirakı, məzunların işlə təminatı, həmçinin universitetin elmi təcrübəsinin aqrar sığorta sahəsində tətbiqi nəzərdə tutulur.

Memorandumun imzalanması mərasimində çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov kənd təsərrüfatı istehsalında davamlılığın təmin edilməsi və təsərrüfatların risklərdən qorunması üçün bütün dünyada tətbiq olunan aqrar sığortanın əhəmiyyətindən danışıb, bu sahədə ixtisaslı kadrlara olan tələbatı vurğulayıb.

Lənkəran Dövlət Universitetində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov ölkəmizdə bu ay keçiriləcək COP29 tədbiri barədə ətraflı məlumat verib, Azərbaycanın beynəlxalq tədbirlərdə ev sahibliyi təcrübəsinin əhəmiyyətindən danışıb.

Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələrinə ölkəmizdə yeni qurulan aqrar sığorta mexanizmi barədə videoçarxlar təqdim olunub, bu sahədə kadr peşəkarlığı istiqamətində görülən işlərdən danışılıb, aqrar sığorta ekspertinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra müəllim və tələbələrin sualları cavablandırılıb, onlara aqrar sığorta şərtləri, müraciət qaydası, bu sahədə iş imkanları əyani misallarla izah edilib.

Lənkəran Dövlət Universitetində keçirilən tədbirdən sonra Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı universitetin həyətyanı təsərrüfat sahəsində çoxlu sayda meyvə tingləri əkilib.