Birbaşa Dövlət Dəstəyi

1 və 2 reproduksiyalı ting NK Qərarı (№ 103)

  • A
  • A
  • A

  «Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası»nın təsdiq edilməsi barədə



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası»nın təsdiq edilməsi barədə

 «Toxumçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 546 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

                                      Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

 

Bakı şəhəri, 25 iyun 2007-ci il

                      №103

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR 

 

Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi

 

Q A Y D A S I



I. Ümumi müddəalar

1.1. Bu Qayda «Toxumçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 546 nömrəli Fərmanının 1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi istiqamətlərini və şərtlərini tənzimləyir.

1.2. Dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsində əsas meyar Azərbaycan Respublikasının ərazisində rayonlaşdırılmış, dövlət reyestrində qeydiyyatdan keçmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olan 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin istehsal olunaraq satılması və alıcı təsərrüfat tərəfindən bu toxum və tinglərin ona məxsus, habelə icarəsində və istifadəsində olan torpaq sahəsində əkilməsidir.

 

II. Subsidiyanın verilməsi qaydası və şərtləri

2.1. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi üçün daxil olmuş müraciətləri araşdırmaq məqsədi ilə müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon (şəhər) komissiyası yaradılır:

- rayon (şəhər) icra hakimiyyəti başçısının müavini – komissiyanın sədri;

- Kənd Təsərrüfatı Nazirliyinin yerli nümayəndəsi;

- İqtisadiyyat və Sənaye Nazirliyinin yerli şöbəsinin nümayəndəsi;

- Maliyyə Nazirliyinin müvafiq şəhər və rayon üzrə idarəsinin (şöbəsinin) nümayəndəsi;

- Dövlət Statistika Komitəsinin yerli şöbəsinin nümayəndəsi;

- rayon dövlət toxum müfəttişliyinin nümayəndəsi.

2.2. Rayon (şəhər) komissiyasının təqdimatı əsasında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə bələdiyyənin, toxum və ting istehsal edən və digər təsərrüfatların mütəxəssislərindən ibarət rayon (şəhər) komissiyasının ayrı-ayrı ərazilər üzrə işçi qrupları yaradılır.

2.3. Rayon komissiyası ayrı-ayrı və ərazilər üzrə işçi qrupların iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdim edilmə tarixini göstərməklə, yerli mətbuatda məlumat dərc etdirir, habelə onların vasitəsilə istehsalçıları blanklar və ərizə forması ilə təmin edir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlar (bundan sonra – istehsalçı) istehsal etdikləri 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satışına görə dövlət büdcəsindən subsidiya ödənilməsi üçün rayon komissiyasına ərizə ilə müraciət edir (1 nömrəli əlavə) və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- toxum və tinglərin istehsalı və satışı ilə məşğul olması barədə hüquqi və fiziki şəxslərin 2007-ci ilin 1 sentyabr tarixinədək və növbəti illərdə 1 iyul tarixinədək toxum istehsalçılarının reyestrlərinə daxil olunmasına dair sənədin surəti;

- 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin alğı-satqısına dair qaimə və müqavilənin surəti:

- istehsal olunmuş toxum və tingin əsilliyini təyin edən sənədlərin (aprobasiya aktı, aprobasiya haqqında hesabat) surəti (bu zaman pambıq toxumuna dair ilkin sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli laboratoriyaları tərəfindən istehsalçının sifarişi əsasında hazırlanmalıdır); 

- satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən sertifikatın surəti;

- istehsalçılardan toxum və ting alan təsərrüfatlar tərəfindən həmin toxum və tinglərin əkilməsi barədə rayon toxum müfəttişliyi tərəfindən verilən arayış;

- subsidiyanın hansı hesablaşma və ya şəxsi hesaba köçürülməsi barədə məlumat.

2.5. Rayon komissiyası istehsalçıdan daxil olan sənədləri araşdırır və təhlil edir. Komissiyaya müraciət daxil olandan sonra 10 gün ərzində istehsal edildiyi təsərrüfatdan satışa çıxarılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin həcmi (miqdarı) təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən edilir və 3 nüsxədən ibarət akt (2 nömrəli əlavə) tərtib edir. Aktlara müəyyən olunmuş formada cədvəllər əlavə olunur.

2.6. Rayon (şəhər) komissiyası toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi barədə müraciəti müvafiq sənədlər əlavə olunmaqla aşağıda qeyd olunan müddətdən gec ol mayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir:

- taxıl toxumu istehsalçıları üzrə - noyabr -20-dək; ]

- yem bitkiləri toxumu istehsalçıları üzrə – oktyabrın -30-dək;

- kartof toxumu və ting istehsalçıları üzrə – noyabrın -30-dək;

- tərəvəz toxumu və texniki bitkilər toxumu istehsalçıları üzrə – noyabrın - 15 -dək.

2.7. Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılır.

Ekspert Şurası təqdim edilmiş sənədlərin araşdırılması zamanı zərurət olduğu təqdirdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzindən ekspert kimi mütəxəssislər cəlb edə bilər.

2.8. Ekspert Şurası 10 iş günü ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən rəy üçün daxil olmuş rayon komissiyasının müraciətini və ona əlavə olunmuş sənədləri araşdırır, təsərrüfatlara subsidiya ödənilməsi ilə bağlı qərarını Nazirliyə qaytarır.

2.9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən həmin istehsalçılara subsidiya ödənilməsindən imtina edildiyi halda istehsalçıya imtinanın səbəbləri göstərilməklə, 10 iş günü ərzində müəyyən olunmuş qaydada yazılı məlumat göndərilir.

2.10. İstehsalçılara subsidiya verilməsindən aşağıdakı hallarda imtina edilir:

- bu Qaydanın 2.4-cü bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;

- bu Qaydanın 2.6-cı bəndində göstərilən vaxtdan gec sənəd təqdim edildikdə.

2.11. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi müəyyən olunmuş qaydada təsdiq edilmiş kvota (sifariş) çərçivəsində həyata keçirilir.

2.12. Dövlət büdcəsindən subsidiya ödənilən təsərrüfatlar və bu təsərrüfatlardan 1-ci və 2-ci reproduksiyalı toxum və ting alan alıcılar tərəfindən həmin toxum və tinglərin təyinatdan kənar məqsədlərə istifadə edilməsinə və 3-cü şəxsə satışına yol verilmir.

2.13. Dövlət büdcəsindən subsidiyanın ödənilmə həcmi və həddi satılan məhsula görə aşağıdakı cədvəl üzrə müəyyən edilir:

2.14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində bu Qaydanın 2.13-cü bəndində göstərilən normalara əsasən subsidiyanın ödənilməsi barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin maliyyələşdirilməsi üçün təklifləri müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

2.15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sənədlərə baxır və vəsaitin həmin Nazirliyin müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ayrılmış vəsaitləri hüquqi və fiziki şəxslərin müvafiq müvəkkil banklardakı hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir.

2.16. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi funksional təsnifatın «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

2.17. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsinin rəsmiləşdirilməsi ilə bağlı blank və formaların hazırlanması da bu vəsait hesabına həyata keçirilir.


III. Hesabat və nəzarət

3.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi toxum və ting istehsalçılarına dövlət büdcəsindən ödənilmiş subsidiya haqqında məlumatı hər ilin yekununa görə 15 yanvar tarixinə kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.2. İstehsalçılara satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən subsidiyanın təyinatı üzrə ödənilməsi üzərində nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.


IV. Məsuliyyət

Bu Qaydanın tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.