Birbaşa Dövlət Dəstəyi

Maddi marağın artırılması NK Qərarı (№ 179)

  • A
  • A
  • A

 Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİN QƏRARI

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağını artırmaq, buğda istehsalını stimullaşdırmaq və respublika əhalisinin çörək və çörək məhsullarına olan tələbatını daxili buğda istehsalı hesabına ödəmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə 40 manat yardım verilsin. 

2. Yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 192) ilə təsdiq edilmiş 3 nömrəli əlavədə - “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin Bölgüsü”ndə nəzərdə tutulmuş yanacaq və motor yağlarına görə istehsalçılara yardımın verilməsinə ayrılmış vəsaitin istifadə olunmamış hissəsi hesabına, çatışmayan vəsait isə mineral gübrələrin istehsalçılara güzəştlə satılmasına ayrılmış vəsait hesabına həyata keçirilsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, 3 gün müddətində “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın yeni mexanizmini hazırlayıb Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 noyabr 2007-ci il

№ 179