“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilsin.]
2. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 70 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinə görə 80 manataqədər müəyyən edilsin.
3. "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).
4. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə).
5. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin bölgüsü" təsdiq edilsin (3 nömrəli əlavə).
6. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən bu istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılsın və tərkibi təsdiq edilsin (4 nömrəli əlavə).
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti isə istehsalçıların məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini bu qərarla təsdiq edilmiş qaydalara uyğun və ona dövlət büdcəsindən ayrılmış 3,5 milyon manat vəsaitin hesabına təşkil edir.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalında və genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq, motor yağları və mineral gübrələrə görə yardımın verilməsi üçün ayrılması nəzərdə tutulan vəsait hesabına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsi və buğda səpini üçün verilən yardımların alınmasına lazım olan blankların və ərizə formalarının çap olunmasına, istehsalçılar üçün plastik kartların üç ildən bir hazırlanmasına və onlara göstərilən bank xidmətinə görə müvafiq məbləğdə vəsaitin ayrılmasını təmin etsin.
8. "Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 noyabr tarixli 221 nömrəli qərarının və bu qərarla təsdiq edilmiş Qaydaların adından və mətnindən ismin müvafiq hallarında "və aqrokimyəvi maddələrin" sözləri çıxarılsın.
9. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın təsdiq edilməsi və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarının adında və 1-ci bəndində "texnikasının" sözündən sonra "və texnoloji avadanlıqların" sözləri, 2.1-ci və 2.2-ci bəndlərdə "texnikanın" sözündən sonra "və texnoloji avadanlıqların" sözləri əlavə edilsin.
Bu qərarla təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın adında, 1-4-cü və 6-7-ci bəndlərində ismin müvafiq hallarında "texnika" sözündən sonra ismin müvafiq hallarında "və texnoloji avadanlıqlar" sözləri əlavə edilsin, 2-ci bəndinin ikinci abzasında "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin, 3-cü bəndindən isə "və müəyyən edilmiş qaydada girov (ipoteka) müqaviləsi" sözləri çıxarılsın və həmin bəndə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:
"İstifadəçi "Aqrolizinq" ASC-dən texnikanı lizinqə götürdükdə və ya lizinq yolu ilə satın aldıqda, onun dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə bir ildən sonra tərəflərin öhdəliklərini nəzərdə tutan bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən ödəyir.".
10. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər mərkəzi icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktların bu qərara uyğunlaşdırılmasını təmin etsinlər.
11. "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli qərarına aşağıdakı əlavə və dəyişiklik edilsin:
11.1. 1-ci bəndin ikinci abzasında "buğda" sözündən sonra ", arpa, qarğıdalı, günəbaxan - dən üçün, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) " sözləri əlavə edilsin;
11.2. 2-ci bəndində "25" rəqəmi "50" rəqəmi ilə əvəz edilsin.
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti bu qərarla yaradılmış Respublika Komissiyası ilə birlikdə hər il 1 sentyabr tarixinə bu qərarın icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
13. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 fevral 2007-ci il
№ 32
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə (bundan sonra - istehsalçı) genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi şərtlərini müəyyən edir.
1.2. Dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardım verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən genetik modifikasiya olunmamış bitkilərin 1 (bir) hektar əkin sahəsi və çoxillik əkmələr götürülür və həmin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə dövlət tərəfindən 40 manat yardımın verilməsi nəzərdə tutulur.
1.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirir və hər il martın 1-nə kimi rayon (şəhər) icra hakimiyyətlərinə göndərilməsini təmin edir.
2. VƏSAİTİN VERİLMƏSİ QAYDALARI VƏ ŞƏRTLƏRİ
2.1. İstehsalçıların siyahısını tərtib etmək və onlara becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım vermək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Komissiyası, müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası və rayon komissiyasının təqdimatı əsasında kənd ərazi komissiyaları yaradılır:
Rayon komissiyasının tərkibi:
Komissiyanın sədri
rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini;
Rayon Komissiyasının üzvləri:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli (rayon) nümayəndəsi;
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin regional bölməsinin səlahiyyətli nümayəndəsi;
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarəsinin (şöbəsinin) səlahiyyətli nümayəndəsi ;
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin səlahiyyətli nümayəndəsi;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon şöbəsinin səlahiyyətli nümayəndəsi;
rayonun ictimai təşkilatlarından bir nəfər nümayəndə.
Kənd ərazi komissiyasının tərkibi:
Komissiyanın sədri
rayon icra hakimiyyətinin ərazi nümayəndəsi;
Komissiyanın üzvləri:
kənd bələdiyyəsinin sədri;
hər kəndin istehsalçılarından bir nəfər nümayəndə;
hər kəndin ağsaqqallarından 2 nəfər nümayəndə.
2.2. Rayon komissiyasının təqdimatı əsasında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə mütəxəssislərdən ibarət rayon komissiyasının işçi qrupu yaradılır.
2.3. Rayon komissiyası öz işçi qrupunun və kənd ərazi komissiyalarının iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdim edilmə tarixini göstərməklə, yerli mətbuatda məlumat dərc etdirir, habelə onların vasitəsilə istehsalçıları blanklar və ərizə forması ilə təmin edir.
2.4. Yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan 5 (beş) gün sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın alınması üçün bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı və tələb olunan
digər sənədləri (torpağa mülkiyyət hüququnu, şəxsiyyətini, statistika idarəsində və vergi orqanlarında (hüquqi şəxs üçün) qeydiyyata alınmasını təsdiq edən sənədlərin surətini, bank hesabını) hər il 1 iyun tarixinə kimi kənd ərazi komissiyasına təqdim edir.
2.5. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və üç nüsxədən ibarət akt tərtib edir. Aktın bir nüsxəsi istehsalçıya verilir.
2.6. Kənd ərazi komissiyası aktlara əsasən istehsalçıların siyahısını və onlar tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi və çoxillik əkmələr barədə məlumatı bu Qaydalara əlavə edilmiş 2 nömrəli cədvələ uyğun tərtib edir və baxılmaq üçün 15 iyun tarixinə kimi rayon komissiyasına təqdim edir.
2.7. Rayon komissiyası işçi qrupunun vasitəsilə kənd ərazi komissiyalarından daxil olan məlumatları 10 gün müddətində təhlil edir, sual doğuran məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, sonra icmal siyahını bu Qaydalara əlavə edilmiş 3 nömrəli cədvələ uyğun tərtib edir. Həmin siyahı komissiya üzvləri tərəfindən imzalandıqdan sonra təsdiq üçün
rayon (şəhər) icra hakimiyyətinin başçısına təqdim edilir.
2.8. Rayon komissiyası rayon (şəhər) icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş icmal siyahını (2 və 3 nömrəli cədvəllər) 25 iyun tarixinə kimi müvafiq qaydada Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublikası Komissiyasına təqdim edir.
2.9. Respublika Komissiyası müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının imzası ilə daxil olan icmal siyahılara 10 gün müddətində baxır və becərilmiş hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə istehsalçılara 40 manat hesabı ilə yardımın (vəsaitin) verilməsi barədə qərar qəbul edir. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə müvafiq banklar vasitəsilə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada plastik kartlarla verilməsini 10 iyul tarixindən başlayaraq təşkil edir və bu barədə müvafiq rayon (şəhər) icra hakimiyyətinə məlumat göndərir.
2.10. Rayon komissiyası:
istehsalçıların siyahısını və onlara verilən yardımın (vəsaitin) məbləği barədə müvafiq kənd ərazi komissiyalarına bildiriş göndərir və rayonun kütləvi informasiya vasitələri ilə məlumat yayır;
müvafiq müvəkkil banklar vasitəsilə plastik kartların istehsalçılara çatdırılmasını təmin edir və pulların istehsalçılara verilməsini nəzarətdə saxlayır;
ortaya çıxan bütün problemləri 3 (üç) gün müddətində həll edir və nəticəsini istehsalçıya bildirir.
3. HESABAT VƏ NƏZARƏT
3.1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Komissiyası və müvafiq rayon (şəhər) icra hakimiyyətləri hər il 1 avqust tarixinə ayrılmış büdcə vəsaitinin istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Respublika Komissiyasına hesabat təqdim edirlər.
3.2. İstehsalçılara becərdikləri əkin sahəsinə görə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yardımın təyinatı üzrə verilməsi üzərində nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır.
4. MƏSULİYYƏT
Bu Qaydaların tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
5. MÜBAHİSƏLƏR
Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.