Birbaşa Dövlət Dəstəyi

Sığortanın stimullaşdırılması Qanun (18.06.2002)

  • A
  • A
  • A

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığortasının stimullaşdırılmasının hüquqi və iqtisadi əsaslarını müəyyən edir, sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir.



I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasının məqsədi

Qanunun məqsədi kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakını təmin etməklə, aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığortalılara sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir.

 

Maddə 2. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunvericilik

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. 

 

Maddə 3. Kənd təsərrüfatında əmlakın sığortasının obyektləri

Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri (azqiymətli və tez köhnələn əşyalar və təbii biçənəklərin məhsulları istisna olmaqla) sığortanın obyektləridir. 

 

Maddə 4. Kənd təsərrüfatında əmlakın sığortasının subyektləri

Kənd təsərrüfatında əmlakın sığortasının subyektləri müvafiq icra hakimiyyəti orqanları, sığorta sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən sığortaçılar, sığortalılar və sığorta müqavilələrindən irəli gələn vəzifələri həyata keçirən digər hüquqi və fiziki şəxslərdir.

 

Maddə 5. Sığorta hadisələri

5.1. Kənd təsərrüfatında bütün sığorta obyektləri bir qayda olaraq yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri müvafiq olaraq xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır. 

5.2. Sığorta müqavilələrində sığorta hadisələrinin digər növləri də nəzərdə tutula bilər.

 

Maddə 6. Sığorta haqqı, sığorta tarifləri və sığorta məbləği

6.1. Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir.

6.2. Hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz.

6.3. Müqavilə üzrə hesablanmış sığorta haqqı müqavilə bağlandığı tarixdən bir ay müddətində ödənilməlidir.

6.4. Əmlakını üç ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər üçün hesablanmış sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci il üçün 20 faiz, beş ildən artıq müddətə isə 30 faiz həcmində güzəşt edilir.

6.5. Sığorta müqaviləsi üzrə sığorta məbləği genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri üzrə məhsulun dəyərinin azı 70 faizi, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri üzrə hüquqi şəxslərdə - onların balans dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 80 faizi, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği miqdarında müəyyən edilir. 

 

II fəsil

 

KƏND TƏSƏRRÜFATINDA SIĞORTA MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ

 

Maddə 7. Kənd təsərrüfatında əmlakın sığortasının formaları

7.1. Kənd təsərrüfatında əmlakın sığortası könüllü formada həyata keçirilir.

7.2. Sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir.

 

Maddə 8. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri

8.1. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

8.1.1. sığortasına dövlət tərəfindən yardım edilən əmlak növlərini, sığorta hadisələrini və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsini müəyyənləşdirmək;

8.1.2. sığorta tariflərinin maksimum həddini müəyyən etmək;

8.1.3. sığortaya dövlət tərəfindən yardım edilməsinin şərtlərini, qaydalarını hazırlamaq və təsdiq etmək;

8.1.4. sığorta müqavilələri üzrə hesablanmış sığorta haqqının bir hissəsini büdcə vəsaiti hesabına ödəmək;

8.1.5. dövlət yardımı hesabına sığorta işlərini aparan sığortaçılar üzrə sığortalıların uçotunu aparmaq.

8.2. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələrini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Maddə 9. Sığortalının və sığortaçının vəzifələri

9.1. Sığortalının və sığortaçının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir.

 

III fəsil

 

KƏND TƏSƏRRÜFATINDA SIĞORTANIN STİMULLAŞDIRILMASINA MALİYYƏ YARDIMI

 

Maddə 10. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsinin ümumi qaydaları

10.1. Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.2. Kənd təsərrüfatında əmlakın təbii fəlakətdən sığortalanmasının stimullaşdırılması müvafiq il üçün "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" Qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində həyata keçirilir.

10.3. Müvafiq icra hakimiyyəti orqanı sığortasına maliyyə yardımı göstəriləcək kənd təsərrüfatı əmlakının və sığorta hadisəsinin növlərinin, müvafiq tariflərin, habelə sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin bağlanmış müqavilələrdə qanunvericiliyə uyğun nəzərə alındığına və bu haqqın sığortaçıya faktiki ödənildiyinə əmin olduqda sığorta haqqının maliyyə yardımı hesabına ödəniləcək hissəsinin verilməsini təmin edir.

10.4. Kənd təsərrüfatında əmlakın sığortasına ayrılan maliyyə yardımı müvafiq icra hakimiyyəti orqanının nəzdində yaradılmış xüsusi hesabda toplanır və müəyyən olunan qaydalara uyğun gələn sığorta müqavilələri əsasında müvafiq sığortaçılara ödənilir.

10.5. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına ayrılan maliyyə yardımının başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

10.6. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

 

Maddə 11. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsi şərtləri

11.1. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı aşağıdakı hallarda verilir:

11.1.1. sığorta müqaviləsi qanunvericiliyə uyğun bağlandıqda;

11.1.2. sığorta edilən əmlakın və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq qaydada təsdiq edilmiş növlərdən və tariflərdən fərqlənmədikdə;

11.1.3. sığorta müqaviləsində sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməyən hissəsinin sığortalı tərəfindən ödənilməsi nəzərdə tutulduqda;

11.1.4. genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə sığorta müqaviləsi səpinin ümumi sahəsindən asılı olaraq əkin sahələrində çıxış alındıqdan, bağlarda isə meyvə ağaclarında tumurcuqların oyanmasından sonra bağlandıqda.

11.2. Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkiləri məhsullarının sığorta dəyəri sığorta müqaviləsinin bağlandığı ildən əvvəlki beş il ərzində əkin sahələrindən alınmış genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığı əsasında, istehsal olunmuş məhsulun proqnozlaşdırılan bazar qiymətlərindən asılı olaraq müəyyən edilməlidir. Beş illik məhsuldarlıq haqqında məlumat olmadıqda, sığortalının axırıncı il əkdiyi sahədən aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki orta məhsuldarlığından istifadə oluna bilər.

11.3. Kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar və arı ailələri sığorta hadisələrindən tələf olduqda və ya yoluxucu xəstəliyə tutulan heyvanlar məcburi kəsildikdə, zərər məbləğinin miqdarı sığortaya cəlb olunduğu məbləğ miqdarında ödənilməlidir. Heyvanların məcburi kəsilmə hallarında zərər məbləği ərzaq üçün yararlı olan ətin və dərinin dəyəri, xəzdərili vəhşi heyvanların ancaq dərisinin dəyəri nəzərə alınmaqla hesablanmalıdır.

11.4. Kənd təsərrüfatı təyinatlı binaların, tikililərin, qurğuların, avadanlıqların, maşınların, nəqliyyat vasitələrinin və digər əmlakın tam məhv olması hallarında zərər məbləğinin miqdarı köhnəlmə nəzərə alınmaqla əmlakın bazar qiymətinin dəyəri əsasında hesablanır. Əmlak tam məhv olmadıqda isə zərər məbləğinin miqdarı eyni qayda ilə onun zədələnmiş hissəsinə hesablanır.

11.5. Təbii fəlakətlə əlaqədar obyektlərin sökülməsinə yaxud bir yerdən başqa yerə daşınmasına çəkilən xərclər zərər məbləğinə daxil edilir.

11.6. Sığorta ödənişi əmlakın müqavilədə göstərilən sığorta məbləğindən yuxarı ola bilməz.

11.7. Əkin sahəsi, məhsul istehsalı və əmlakın dövriyyəsi barədə uçot aparmayan kənd təsərrüfatı istehsalçılarının əmlakı sığorta edilmir.

 

Maddə 12. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsinin təşkili

12.1. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:

12.1.1. sığorta müqaviləsində və sığorta haqqının ödəmə sənədlərində göstərilmiş məlumatların düzgünlüyünü yoxlayır;

12.1.2. maliyyə yardımlarının miqdarının hesablanması üçün sığortaçılardan sığorta müqavilələrinin və sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi barədə sənədlərin surətlərini, habelə onların əsasında tərtib edilmiş icmal arayışları alır;

12.1.3. sığortalılara sığorta haqqının ödənilməsinə maliyyə yardımı göstərilməsi üçün sığortaçılarla müqavilələr bağlayır və bir ay müddətində sığorta haqqının müəyyən olunmuş hissəsini onlara ödəyir.

12.2. Sığortaçılar sığorta müqavilələri üzrə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilmiş hissəsinin miqdarı barədə sığortalıları yazılı formada xəbərdar edirlər.

12.3. Sığorta müqaviləsini bağlamış tərəflər müqavilənin vaxtından əvvəl ləğv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məlumat verməlidirlər. Sığortaçılar ayrılmış maliyyə yardımlarından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər. Müvafiq icra hakimiyyəti orqanının nəzdində yaradılmış xüsusi hesabda toplanan maliyyə yardımının istifadə edilməyən qalıq hissəsi dövlət büdcəsinə qaytarılır.

12.4. Kənd təsərrüfatında əmlakın sığortasına maliyyə yardımının miqdarının düzgün hesablanmasına, məqsədli istifadə edilməsinə və hesabatların təqdim edilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

 

Maddə 13. Sığortalılara dəymiş zərərə görə sığorta ödənişinin verilməsi

13.1. Sığorta olunmuş əmlak sığorta hadisəsi nəticəsində tam məhv olduqda, sığorta ödənişi müqavilə üzrə nəzərdə tutulmuş sığorta məbləğini təşkil edir.

13.2. Genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinin məhsullarının bir hissəsi tam məhv olduğu halda sığorta ödənişi müqavilədə nəzərdə tutulmuş bir hektar əkin sahəsi məhsulunun dəyəri tam məhv olmuş əkin sahəsinə vurulmaqla, məhsulun sığortalanma faizi miqdarında ödənilir.

13.3. Əkin sahəsinin bir hissəsi tam, digər hissəsi isə qismən zərər çəkərsə, tamamilə zərər çəkmiş hissədə sığorta təminatı sona çatmış olur. Qismən zərər çəkmiş hissədə isə sığorta təminatı müqavilənin sonuna və ya məhsul yığımına qədər baş verə biləcək zərərlər üçün də davam edir.

13.4. Sığortalı genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkisinin əkin sahəsini faktiki səpildiyindən çox göstərdiyi hallarda zərərin miqdarı sığorta müqaviləsində göstərilən əkin sahəsinə görə müəyyən edilir və ödənilir.

13.5. Təbii fəlakət nəticəsində əkin sahəsi zədələnərək məhsuldarlıq aşağı düşdüyü halda sığorta ödənişi məhsul toplandıqdan sonra orta məhsuldarlıq müqavilədə nəzərdə tutulmuş məhsuldarlıqdan çıxılmaqla, itirilmiş məhsulun dəyərinin sığortalanma faizi miqdarında ödənilir.

13.6. Kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar və arı ailələri təbii fəlakət nəticəsində tələf olduğu və ya yoluxucu xəstəliyə tutulduğu hallarda ərzaq üçün yararlı olan ətin və dərinin, xəzdərili vəhşi heyvanlarda isə yalnız dərinin dəyəri çıxılmaqla sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləği həcmində ödənilir.

13.7. Kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlakın tam məhv olması və ya zədələnməsi hallarında sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada sığorta müqaviləsində nəzərdə tutulmuş həcmdə ödənilir.

13.8. Sığorta ödənişi sığorta olunmuş əmlakın məhv olması və ya zədələnməsi səbəbləri və şərait haqqında müvafiq qaydada tərtib olunmuş aktın sığortaçıya təqdim olunduğu tarixdən bir ay müddətində ödənilməlidir.

 

IV fəsil

 

KƏND TƏSƏRRÜFATINDA SIĞORTANIN STİMULLAŞDIRILMASI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

 

Maddə 14. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 15. Mübahisələrin həlli

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. 

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2002-ci il

№ 344-IIQ