Çoxillik əkmələr

Qoz

  • A
  • A
  • A

Qoz, öz (Juglandaceae Lindl.) fəsiləsinə, JuglansL. cinsinə aid olub, 40-a qədər növü birləşdirir. Bu növlər dünyanın mülayim, isti qurşağında, subtropik zonalarda becərilir. Keçmiş SSRİ məkanında bunlardan yabanı halda iki növ (yunan və mancuriya qozu) becərilir. Respublikamızda təbii halda yayılmış və böyük təsərrüfat əhəmiyyəti olan növ Yunan qozudur.

Yunan qozu (J.regia L), təbii halda Çində, Orta Asiya respublikalarında, Əfqanıstanda, İranda, Ön Qafqazda, Krımda və Balkan ölkələrində yayılmışdır.

Azərbaycanda qozun təbii meşəliklərinə Lənkəran düzənliyində və Talış dağlarında, Zaqatala və Quba rayonlarında rast olunur.

Meyvələri müxtəlif formada (yumru, oval, uzunsov-oval və s.) olub, ləpəsi çətin və asan çıxan formada olur. Qabığı qalın və ləpəsi çətin çıxan qoza çətənə, qabığı nazik və ləpəsi asan çıxan qoza kağızı deyilir.

Qozun ləpəsində 30-75% yağ, 8,0-21% zülal, 16% sulu karbonlar, 0,3 mq% B1, 30-50 mq% C və həmçinin az miqdarda A, B2, E və P vitaminləri vardır. Qərzəyində (göy vaxtı) A və P hidroyuqlon (trioksinaftalin), dabbaq maddələri və C vitamini vardır.

Qoz ləpəsindən, təzə halda yeyilmək üçün və bir sıra qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Ləpədən yüksək keyfıyyətli yağ alınır. Yetişməmiş meyvələrindən, xırda vaxtı mürəbbə hazırlanır.

Dünyada qoz istehsalı 3.418.559 ton olub, təxminən 1.700.000 ton istehsalı ilə Çin dünyada ilk sıralardadır. Çindən sonra İran (450000 ton), ABŞ (425820 ton), Türkiyə (194298 ton), Meksika (110605 ton), Ukrayna (96900 ton), Hindistan (40000 ton) yer tutur.

Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala zonası qoz istehsalının 24%-ni təşkil edir. 

Sortları. Qozun respublikamızda xalq seleksiyası nəticəsində yaradılmış bir sıra yerli sortları vardır. Eyni zamanda respublikamız üçün prespektivli olan bir sıra gətirilmə qoz sortları da becərilir. Respublikamızda əsasən Seyfı, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi, Qam, Ideal sortları becərilir.

Xarici səraitə münasibəti. Qoz bitkisi istiliyə tələbkar bitkidir. Lakin becərilmə şəraitindən asılı olaraq qış zamanı 28… 35°C şaxtalara davam gətirə bilir.

İşığa yüksək tələbkardır. Kölgəli yerlərdə pis böyüyür və məhsuldarlığı aşağı olur. Rütubətə tələbkar bitkidir, lakin quraqlıqla da barışır. Torpağa tələbkardır. Qalın, yumşaq şum qatlı, münbit, su və hava keçirən torpaqlarda yaxşı inkişaf edir.

Artırılması. Qoz toxum və calaqla artırılır. Toxumla artırılan əksər sortlar irsi əlamətlərini qoruyub saxlaya bilmir. Buna görə də bu üsul, seleksiya və calaqaltı materialın becərilməsi üçün istifadə edilir. Calaqaltı yetişdirmək üçün toxumlar 50-60 gün müddətinə narın çay qumunda stratifikasıya edilir.

Qoz üçün ən çox «lülə» göz calağından istifadə edilir. Bəzi hallarda qələm calağı da tətbiq edilir. Calaq olunmuş bitkilər tez böyüyür və ikinci il bağ salmaq üçün yararlı olurlar.

Bağın salınması və qulluq. Qoz bitkisi üçün seçilmiş sahələr qalın şum qatlı, qrunt suları dərində olan, yaxşı su və hava keçirmə qabiliyyətli, orta sıxlığa malik münbit torpaq sahələri olmalıdır. Şoran, qrunt suları üzdə olan, su və hava keçirmə qabiliyyəti zəif torpaqlar qoz üçün yaramır. Seçilmiş sahə digər meyvə bitkilərində olduğu kimi hazırlanır. Sahə hazırlandıqdan sonra 15-20 hektarlıq sərnələrə bölünür və ağaclar qida sahəsi, hündür boylular üçün 12-10x10-8 m, orta və gödək boylular üçün 8-6x5-4 m verilməklə əkilir. Əkin payızda aparılır.

İlk vaxtlar gövdə ətrafı və cərgə araları qara herik altında, alaqlardan azad şəkildə saxlanır. Kifayət qədər rütubətlə təmin olunan rayonlarda cavan bağlarda gövdə ətrafı boş saxlanmaqla, cərgəaraları paxlalı ot bitkiləri və tərəvəz bitkiləri altında, məhsula düşdükdən sonra və yaşlı bağda cərgəaraları şum və ya herbisidli qara herik altında saxlanır.

Gübrələmə və suvarma qoz bitkisinə müsbət təsir göstərir. Hektara 60 kq təsiredici maddə hesabı ilə azot, fosfor və kalium verilməsi məhsuldarlığı xeyli artırır. Vegetasiya dövründə 3-4 dəfə suvarma böyümə və inkişafa müsbət təsir edir.

Qoz bitkisinə hündür ştamblı (70-80 sm), seyrək mərtəbəli və ya dəyişkən şahbudaqlı çətir forması verilir. Gövdə üzərində 6-8 ədəd birinci sıra skelet budaq saxlanılır.

Yeni qoz bağının salınması üçün 10x10 m sxemi üzrə 3620 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 50 sentner məhsul alınarsa həmin sahədən 3000-3500 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 75-80% təşkil edir.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib