Çoxillik əkmələr

Əncir

  • A
  • A
  • A

Əncir, Tut (Moraceae Link.) fəsiləsinə, FicusL. (2/2=26,39,52) cinsinə aiddir. Yer kürəsinin tropik və subtropik bölgələrində 1000-ə qədər növü yayılmışdır. Ölkəmizdə daha geniş yayılanı bir növdür. Adi əncir (F. Carica L) adlanan bu növ, yabanı halda Güney Qafqaz, Orta Asiya, İran, Kiçik Asiya, Hindistan və Əfqanıstanda yayılmışdır.

Çox ucaboylu (5-10 m və daha çox) kol tipli ağac bitkisidir. Kök boğazından yuxarı hissədə 3-5 ədəd güclü inkişaf edən gövdə yaradır. Çətri geniş, kürəşəkillidir. Bir qədər sallaqdır. Gövdəsi və budaqları hamar, boz rəngli, zoğları əvvəl yaşıl, sonra açıq-qəhvəyi və daha sonra boz kül rəngində olur. Yarpaqları iri, əksərən dilimli (3-4 dilimdən ibarət) və bəzən bütöv olur. Yarpaq ayası üst tərəfdən açıq yaşıl, alt tərəfdən boz yaşıl rəngli və narın tüklüdür. Yarpaq saplağı uzun (12 sm-ə qədər) və qalındır. İkievli bitkidir.

Əncirin bir qrup sortları tozlanmadan meyvə verə bilir. Bu qrup sortlara Adriatik fiqiləri deyilir. Bəzi sortlar meyvə vermək üçün mütləq tozlanma tələb edir. Bu qrup sortlara İzmir fiqiləri deyilir. Üçüncü qrup sortlar isə vegetasiya dövründə iki dəfə məhsul verir. Birinci məhsul tozlanma getmədən yaranır, ikinci məhsul üçün isə tozlayıcı tələb olunur. Bunlara San-Pedro fiqiləri deyilir.

Quru meyvələrdə 55-70%-ə qədər şəkər olur. Meyvələrin tərkibində asan mənimsənilən şəkər (9-28%), zülal (0,9-1,9%), turşular (0,22-0,71%), C vitamini (2 mq%), B1 vitamini (100 q meyvədə beynəlxalq vahidlə 80-100 qamma), B2 vitamini (100 q meyvədə 82 qamma), A provitamini (100 q meyvədə 60-90 qamma) vardır.

Əncir meyvələrindən qan azlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Meyvələrindən təzə və qurudulmuş halda istifadə edilir. Əncir meyvələrindən şirə, doşab, kompot, cem, povidlo, mürəbbə, şərab və s. hazırlanır. Qurudulmuş meyvələri uzun müddət saxlanmaya və nəqliyyata davamlıdır.

FAO-nun məlumatlarına əsasən dünyada 1.064.414 ton əncir istehsal olunur ki, bununda 27%-i Türkiyənin payına düşür. Türkiyədən sonra Misir, Əlcəzair, İran, Suriya, ABŞ və İspaniya daha çox əncir istehsal edən ölkələr sırasındadır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası  əncir istehsalının 39%-ni təşkil edir. 

Sortları. Əncirin sortları çoxdur. Dünyada Abikou, Albakor, Barbillone, Blək Madeyra, Kalimera, Hunt, King və s. sortları daha geniş yayılmışdır. Bunlardan ölkəmizdə rayonlaşdırılmış yerli və gəlmə sortlardan Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı əncir, Azəri, Xəzəri, Kadota, Kalimirna, Dalmatskidir.

Xarici səraitə münasibəti. Əncir istiyə tələbkar bitkidir. Mənfi -18 °C temperatura davam gətirir. Bundan aşağı şaxtada çoxillik hissələri ciddi zədə alır. Qışı şaxtalı keçən rayonlarda əncir sərilən formada becərilir və üzəri torpaqlanır. Əncir rütubətə orta dərəcədə tələbkardır. Müvəqqəti quraqlıqla barışır. Lakin kifayət dərəcədə rütubətlənmiş torpaqlarda normal böyüyür və yüksək məhsul verir.

Torpağa münasibətinə görə çox plastik bitkidir. Müxtəlif tip torpaqlarda, qayalıqlardan başlamış ağır gilli torpaqlara qədər bütün sahələrdə bitə bilir. Lakin bol və yüksək keyfıyyətli məhsul almaq üçün yüngül gillicəli, kifayət dərəcədə rütubətlənmiş, su və hava keçirmə qabiliyyətli, münbit, dərin şum qatına malik torpaqlar əlverişlidir. Ağır gilli torpaqlarda meyvələr xırdalaşır, quru və şoran torpaqlarda böyümə zəifləyir, çiçək tumurcuqlarının formalaşması ləngiyir.

Artırılması. Əncir əsasən çiliklə çoxaldılır. Digər vegetativ artırma üsulları ilə də (basma, kök pöhrəsi və s.) artırıla bilər.

Çiliklər aprobasiya aparılmış bitkilərdən payızda, yarpaqlar töküldükdən sonra tədarük edilir. Qışı az şaxtalı keçən rayonlarda çilik tədarükü marta qədər davam edə bilər. Çilik üçün buğumaraları qısa (5 sm-ə qədər), yaxşı yetişmiş, diametri 1,5-2 sm olan bir və ikiillik budaqlardan istifadə edilir. Çiliyin uzunluğu 20-22 sm olmaqla aşağı tərəfdən buğumun altından düz, yuxarıda isə tumurcuğun üst və arxa hissəsindən çəpinə kəsilir. Tədarük olunmuş çiliklər 50-60 ədəd olmaqla dəstəyə bağlanır və etiketlənir. Etiket üçün taxta və ya dəmir lövhə (3x5 sm ölçüdə), yaxud da kartondan istifadə edilir.

Bağın salınması və qulluq. Əncir bağı salmaq üçün nisbətən düz, küləkdən mülıafizəli, günəşlə yaxşı təmin olunan sahələr seçilməlidir. Mailliyi çox olan (20°-dən artıq) sahələrdə, bağ salmaq məcburiyyəti qarşısında, terraslar (səkilər) yaradılmalıdır. Sahə qabaqcadan dərin plantaj şumu edilir, üzvi və mineral gübrələrlə təmin olunur. Sortlar seçilir və bu zaman tozlanma tələb edən sortlar üçün hər 100 ağaca 5-6 tozlayıcı (kaprifıqi) götürülür. Kaprifıqilər şahmat üsulunda, sərnədə müxtəlif yerlərdə hər 4-5 cərgədən bir əkilir.

Əncir üçün düzbucaqlı əkin sxemindən istifadə edilir. Qida sahəsi ekoloji şəraitdən, sort xüsusiyyətindən və torpağın tipindən asılı olaraq 6x4 m, 8x6 m, qışı sərt keçən rayonlarda isə 4x3 m və 5x4 m verilir.

Əncir payızda və yazda əkilir. Qışı sərt keçən rayonlarda yaz əkini əlverişlidir.

Əncir bağında cərgəarası sahə qara herik, müvəqqəti çimləmə və siderat-örtük sistemində saxlanır.

Yeni əncir bağının salınması üçün 6x6 m sxemi üzrə 4050 manata qədər vəsait tələb olunur. Əncirin 1 hektarından 100-110 sentner məhsul alınarsa həmin sahədən 2300-2500 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 53% təşkil edir.

29.12.2024

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib

29.12.2024

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib

28.12.2024

Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib