Çoxillik əkmələr

Gilas

  • A
  • A
  • A

Gilasın cinsi adı Cerasus Mill. (2/2=16, 24,32)

olub, yabanı halda bir növü yayılmışdır. Adi gilas (Cerasus avium L.), hündür boylu (10-15 m və bəzən daha çox) qamətli, dağınıq çətrə malik ağacdır. Gövdə üzərində təbii mərtəbəlik yaradır. Belə ki, skelet budaqlar 3-4 ədəd olmaqla, gövdə üzərində müəyyən məsafələrlə, qruplarla (mərtəbələrlə) yerləşirlər.

Yarpaqları iri, tərs-yumurta formalı, kənarları dişlidir. Çiçəkləri iri, ağ və ya çəhrayı rəngli olub, çətir tipli çiçək topası yaradır. Meyvələri yumru, ürəkvari, yumurta formalı və orta irilikdə olur. Meyvənin diametri 1,5 sm-ə qədərdir. Rəngi sortlardan asılı olaraq ağ, sarı, qırmızı, çəhrayı, qaradır. Ləti zərif, şirəli və şirindir. Yabanı halda Qafqazda, Ukraynada və Moldovada rast olunur. Əksər gilas sortları bu növdən törəmişlər.

Meyvələrin tərkibində şəkərlər (18%), turşular (0,32-1,29%), dabbaq maddələri (0,03-0,21%), pektin (0,46-0,71%), kül elementləri (0,44%), sellüloza (0,25%), C vitamini və karotin (provitamin A) vardır. Çəyirdəyində 5,65% yağ olur.

Geniş yayılmış əmtəə xarakterli meyvə bitkisidir. Meyvələri təzə halda və emal olunmuş şəkildə qiymətli qidadır. Meyvələrindən təzə halda istifadə edilməklə yanaşı, onlardan kompot, mürəbbə sirop hazırlanır. Xüsusən açıq rəngli sortlardan (Sarı Droqan, Sarı Denissen və s.) hazırlanmış mürəbbə yüksək keyfıyyətlidir

.

Dünyada 2.200.000 ton gilas istehsal olunur. Gilas  istehsalına görə ABŞ-dan sonra Türkiyə, İtaliya, Fransa ilk sıralarda yer tutur.

Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz iqtisadi zonası gilas istehsalının 45%-ni təşkil edir. 
Sortları. Dünyada gilasın 1500 sortu məlumdur. MDB məkanında gilasın 75 rayonlaşdırılmış sortu vardır. İqtisadi cəhətdən əhəmiyyətli Çelan, Tieton, Raynier, Binq, Lapins, Skina, Stella, Summit və s. sortları var. Respublikamızda əsasən rayonlaşdırılmış Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin, Sarı Droqana, Frans İosif, Kəlürəyi sortları becərilir.

Xarici səraitə münasibəti. Gilas istiliyə tələbkar bitkidir. Lakin həddindən artıq istilik böyümə və inkişafa mənfi təsir göstərir. Cənub rayon bitkiləri içərisində qışa ən davamlı bitkidir. İşığa tələbkardır. Calaqaltıdan asılı olaraq rütubətə tələbi müxtəlifdir. Antipkaya calanmış gilas sortları rütubətə az, gilas və albalıya calananlar isə artıq tələbkardır. Lakin həddən artıq rütubətlilik və qrunt sularının səthdə yerləşməsi gilasa mənfı təsir edir. Yüngül, su durğunluğu olmayan, qalın şum qatlı, qumsal torpaqlarda gilas yaxşı inkişaf edir. Torpaq sıxlığı (həcmi çəki) 1,5 q/sm3 isə olduqda gilas inkişaf edə bilmir.

Artırılması. Gilas calaqla artırılır. Calaqaltı olaraq cır gilas, antipka və adi albalıdan istifadə olunur. Sarı Droqan və Sarı Denissen sortlarının toxmacarları da calaqaltı kimi istifadə edilir. Yaşlı, nisbətən yoğun gövdəli bitkiyə qələm calağı da vurulur. Əsasən göz calağından istifadə edilir. Birillik tinglər yaxşı qulluq şəraitində çox güclü boy atır və yan budaqlanmalara malik olur.

Bağın salınması və qulluq. Gilas bağı üçün sahə albalıda olduğu kimi hazırlanır. Əkin payızda və ya ilk yazda aparılır. Əsasən düzbucaqlı əkin sxemindən istifadə edilərək, qida sahəsi 6-8x4-5 m verilir. Sərnədə, çarpaz tozlanmanı təmin etmək məqsədilə 3-4 sort əkilir. Cərgəaraları qara herik, siderat və cərgəarası toxalanan bitkilər altında saxlanılır.

Gilas bitkisi gübrəyə həssasdır. Qida ilə (üzvi və mineral gübrələrlə) yaxşı təmin olunmuş bitkilər bol və keyfiyyətli məhsul verir. Xüsusən əkin qabağı hər çalaya 15 kq peyin, 300 q superfosfat, 150 q ammonium şorası və 50 q kalium duzu verildikdə yerüstü və kök sisteminin fəaliyyəti güclənir.

Gilas rütubətə tələbkardır. Xüsusi ilə gilasa, albalıya calanmış sortlar il ərzində az normalarla (300-400 m3/ha) tez-tez (5-6 dəfə) suvarıldıqda məhsuldarlıq yüksəlir.

Yeni gilas bağının salınması üçün 7x5 m sxemi üzrə 4800 manata qədər vəsait tələb olunur. Gilasın 1 hektarından 100-110 sentner məhsul alınarsa həmin sahədən 3500-4000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 71-75% təşkil edir.

21.11.2024

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib

20.11.2024

COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib