Heyvandarlıq

Qoyunçuluq

  • A
  • A
  • A

Azərbaycanda qoyunçuluq qədim tarixə malik olmaqla köçəri, yarımköçəri saxlanmış, əsasən kəndətrafı, yay-qış otlaq-örüş sahələrində, dağlıq və dağətəyi zonalarda inkişaf etmişdir. Gövşəyən heyvan növündən olan qoyunlar 7 min il əvvəl ilk dəfə əhliləşdirilmiş və insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün inkişaf etdirilmişdir. Cənubi Qafqazda qoyunçuluğun beşiyi məhz Azərbaycan sayılır.

Azərbaycanda xalq seleksiyası yolu ilə çoxlu qiymətli qoyun cinslərinin genefondları yaradılmışdır. Həmin cinslərdən Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Azərbaycan dağ merinosu və Pirəsora qoyun cinslərini göstərmək olar.

Qarabağ qoyunu Mil-Qarabağ, Ləzgi qoyunu Şəki-Zaqatala, Bozax qoyunu Gəncə-Qazax, Şirvan qoyunu Kür-Araz və Abşeron, Gödək qoyunu Quba-Xaçmaz, Caro qoyunu Lənkaran, Herik qoyunu Şəki-Zaqatala bölgəsində, Mazex və Balbas qoyunu Naxçıvan Muxtar Respublikasında yayılmışdır.

Qoyunçuluqda cinslərin təsnifatı digər kənd təsərrüfatı heyvanlarında olduğu kimi deyil (baş və qulaqlarına görə), belə ki, onlar əvvəllər quyruqlarının uzunluğuna və formasına görə, müasir tələblərdə isə yun keyfiyyətindən asılı olaraq qruplaşdırılır. Əvvəllər quyruğun formalarına görə təsnifatlaşma aparılarkən quyruğun uzunluğunun ölçüsünə görə deyil, onun çapma oynağına çatması və ondan aşağı keçməsi nəzərə alınırdı və aşağıdakı qruplara ayrılmışdılar: 

- gödək cılızquyruq;

- uzun cılızquyruq;

- gödək yağlıquyruq;

- uzun yağlıquyruq;

- piyquyruq.

Hazırda müasir tələblərə görə isə aşağıdakı kimi təsnifatlaşdırılır:

- zərifyunlu;

- yarımzərifyunlu;

- qabayunlu;

- yarımqabayunlu.

Qoyunların təsnifatlaşdırlması müxtəlif cins qoyunlar arasında bioloji yaxınlığın öyrənilməsində, rayonlaşdırmada və çarpazlaşdırmada istifadə üçün əsas metodlardan biri hesab edilir.

Azərbaycanda ətlik-südlük-yunluq istiqamətində olan qaba və yarımqabayunlu qoyun cinsləri üstünlük təşkil edir. Qabayunlu qoyun cinsləri  xəstəliklərə dözümlü, tez yetişən, döl vermə qabiliyyətli, yüksək artım verən, ət, süd, yun (xəz, kürk və s.) məhsuldarlığı olan heyvanlardır.

Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri Mil Qarabağ qoyun cinsidir. Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər, Ağdam, Cəbrayıl, Mil və Muğan düzlərində daha geniş yayılmışdır. Qarabağ qoyun cinsi dözümlülüyü, yorulmadan uzaq yol getməsi, qış şəraitinə və yemin azlığına qane olması ilə də fərqlənir. Bunlar uzunqılçalı, möhkəmsümüklü, doğar qoyunları buynuzsuz, qoçları isə həm buynuzsuz, həm də buynuzlu olur. Quyruğunda çox yağ toplamır və yüksək süd məhsulu verir ki, bu da balanın normal inkişafını təmin edir.

Qarabağ qoyununun quyruğu iki dəfə qatlanır, axırıncı quyruq fəqərəsindən başqa onun bütün boyu yağ qatı ilə əhatə olunmuşdur. İrtməyin birinci əyrisi çapma oynağında yuxarıda durur, sonra irtmək öz yağ qatı ilə yuxarı qalxır və irtməyin dibində ikinci əyrilik əmələ gətirərək aşağı sallanır. Bu axrıncı əyrilik birinci iki əyrilikdən xeyli qısa və nazik olub, quyruq yastığı altında aydın görünür. 

Azərbaycan Qarabağ qoyunu məşhur qoyun cinslərindən olub, dünya qoyunçuluğunda geniş yer tutur. Qarabağ qabayunlu qoyun cinsi yüksək keyfiyyətə malik olub, əti çox dadlı və ləzzətlidir, yüksək süd sağımına malikdir, yunu yüksək keyfiyyətlidir və məşhur Qarabağ xalçalarının toxunmasında əvəzsiz qiymətli yundur. Bu qoyunlar il boyu yüksək həvəsəgəlmə xüsusiyyətinə malikdir. Dünyada qabayunlu qoyun cinsləri arasında Qarabağ qoyun cinsi xüsusi keyfiyyətlərinə görə seçilir və yüksəkdə durur. Bu qoyun cinsi xalqımızın tarixi iftixarıdır.

Azərbaycanda yaradılmış digər qoyun cinslərinin əmələ gəlməsində əsas ana xətt təşkil edərək, onların yaranmasında mühüm rol oynamışdır. Azərbaycanın digər qabayunlu qoyun cinsləri olan Bozax, Şirvan və Gödək cinslərinin əmələ gəlməsində əsas ana cins olmuşdur.

Məhsuldarlıq etibarı ilə ətlik–südlük-yunluq qoyunlar olmaqla ana qoyunların çəkisi 75-80 kq, erkəklərinki isə 90-100 kq-a qədər olur. Ət çıxarı 42,6-52,5 faiz, süd məhsuldarlığı 35-40 litr, yağlılığı isə 6-7,5 faizdir.

Hər bir ana qoyundan orta hesabla 2,4 kq, erkəklərdən isə 3,5-3,7 kq yun qırxmaq olur. Rəngi ağ (1%), ağ-sarımtıl-bozumtul (60-70%), qara və ya qonur (15-20%), boz və ya tünd boz rəngdə (2,5%) olmaqla baş və ətrafları çılpaq, boynunun 2/3 hissəsi bəzən hamısı yunsuz, qarınaltı yunu gödək, bəzən də açıq olur.

Yunun tərkib hissələrinin miqdarı isə belədir ; yazda tiftik-53,7 faiz, payızda – 45,3 faiz, keçid yun I yazda 24,2 faiz, payızda 27,0 faiz, keçid yun II yazda 14,2 faiz, payızda 17,1 faiz, qılan yazda 7,3 faiz, payızda 10,6 faizdir.

İldə bir dəfə doğmaq şərti ilə hər yüz anac qoyundan 110-115, bəzən 130 baş quzu alına bilər.

Abşeron qoyun cinsi Azərbaycanın düzənlik bölgəsində, o cümlədən Abşeron yarımadasında yetişdirilir. Bu onunla bağlıdır ki, bu cinsin quyruğunda çox miqdarda piy toplanır və belə heyvanlar dağ və təpəlikdə çətin hərəkət edirlər.

Çox zaman onların quyruq piyi o qədər iri olur ki, qoyun onu gəzdirə bilmir və  belə  heyvanların  quyruq  nahiyyəsinə  diyircəkli  arabacıq  bağlanır. Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunları və qoçları buynuzsuz olmaqla bəzi qoçlarda xırda buynuz ola bilər. Budu dolğun, ayaqları uzun, nazik, quru və möhkəm dırnaqlı, sümükləri yaxşı inkişaf etmişdir. Yaxşı ət məhsulu verir, ana qoyunlar 45-50 kq, qoçları isə 60-70 kq canlı kütləyə malik olub, 40-50 faiz ət çıxarına malik olur. Süd məhsuldarlığı 43-50 litr,  südünün yağlığı 6,0 faizdir;

Ana qoyundan 2,4-2,8, qoçlardan 3,5-4,0 kiloqram yun qırxmaq olur. Rəngi açıq boz, ağımtıl rəngdə olur. Əsasən uzun tiftik, keçid və nazik qılandan ibarət olmaqla ölü tüklər çox az olur. Yunun uzunluğu 16-25 sm, fraksiyasında tiftik 55,4 faiz, orta tüklər 33,5 faiz, qılan 11,1 faiz olmalıdır.

İri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməklə yanaşı ekstremal iqlim şəraitinə dözümlü, tez törəyib artan, il boyu təbii otlaqlardan maksimum səmərəli istifadə etməklə yüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir. Hər 100 ana qoyundan 105-110 baş quzu alınır. Bu rəqəm bəzən 110-120 başa çata bilər.

Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşa bilməyən Qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsr - XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 70-80 kq, erkəklərinin çəkisi isə 90-100 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq canlı kütləsi olan fərdlərə də rast gəlmək olur.

Qaradolaq qoyunları əsasən normal bədən quruluşuna malik olub, respublikamızda ən yüksək diri çəkiyə və tezyetişkənlilik qabiliyyətinə malik olan ətlik-yunluq-südlük istiqamətində yetişdirilən qoyun cinsidir. Konstitusiyası möhkəm, sümükləri yaxşı inkişaf etmiş və bərkdir. Başları orta böyüklükdə olur.

Qaradolaq qoyunlarının ətrafı hündür, möhkəm, quru, düzgün formada olur, qalın tüklərlə örtülür, dırnaqları möhkəmdir, bədəni dolğundur, cidovu, sağrı və beli enli, möhkəm və düzdür. Döş qəfəsi enli və dərindir. Boynu uzun və əzələli olub, bəzən alt tərəfində bir cüt dəri mənşəli sırğaları olur.

Ana qoyunlar buynuzsuzdur. Buynuzlu qoçlara az təsadüf edilir. Qulaqları qısadır. Dərisi sıx və qalındır, yunu qabadır. Rəngi ağ-sarımtıl və ya bozumtul olmaqla yağlı quyruqludur.

Ana qoyundan 1,5-2,0 kq, qoçlardan isə 3,0-3,8 kq-a qədər yun qırxılır. Fraksiyasında tiftik 53,7 faiz, orta tüklər 24,2 faiz, qılan 14,5 faiz, ölü tük 7,6 faiz, yunun uzunluğu isə ana qoyunlarda 10-16 sm olur.

Qaradolaq qoyunları süd məhsuldarlığına görə respublikamızda Balbas qoyunlarından sonra birinci yeri tutur. Qaradolaq qoyunları yerli əhali tərəfindən südlük heyvan kimi saxlanılır.

Şirvan qoyun cinsi də Azərbaycanda ən qədim cinslərdən olub, adını yarandığı və geniş yayıldığı ərazidən götürmüşdür. Ləzgi və Qarabağ qoyun cinslərinin cütləşməsindən yaranan bu qoyun cinsinin bir sıra xarakterik əlamətləri vardır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu cinsə xalq arasında "dönmə" cins deyilməsi onun göstərilən qoyun cinslərindən yaranması ilə əlaqədardır. Şirvan cinsi boyca xırda, südü az və yunu nisbətən aşağı keyfiyyətli olur. Şirvan qoyun cinsinin anaçının çəkisi 35-40 kq, erkəklərinin orta çəkisi 48-50 kq olub, ət çıxarı 42,0-48,5 faiz, süd məhsuldarlığı  25-30 litr, yağlılığı isə 6,3-6,5 faizdir. İldə bir dəfə qırxılan Şirvan qoyun cinsinin ana qoyunundan 1,7 kq, erkəyindən 2,4 kq yun alınır.

Şirvan qoyunun yunu müxtəlif rəngdədir. Ağ və ağ-qəhvəyi rəng üstünlük təşkil edir, qarışıq rənglilərdə biraz qəhvəyi tüklər olur, qalanı isə ağ tüklərdir. Bəzi keçid tükləri sarı, yaxud ucları sarımtıl və ya sarı rəngdə olur.

Qara-ala yunun tiftiyi ağ, qalanları isə qara rəngdə olur. Tiftik nazik, az qıvrım, keçid tüklər uzun, qalın, qısa və dolaşıq, birinci keçid tükü çox vaxt tiftik kimi nazik olur. Qılan çox vaxt o qədər nazik olur ki, üzəyini itirir.

Şirvan qoyunun yunundakı fraksiyaların çəki nisbəti belədir: tiftik 57,3 faiz, keçid tüklər 33,5 faiz, qılan 11,1 faiz -dir.

Ölçülərinə görə Şirvan qoyunu Qarabağ qoyunu ilə Gödək qoyunu arasında orta yer tutur. Cidov hündürlüyü orta qoyunlarda 61,3 sm (52-67 sm), qoçlarda 68,4 (62-75 sm) olur.

Şirvan qoyun cinsi əsas etibarilə Şamaxı, Abşeron, Göyçay, Ucar, Zərdab, qismən də Lənkəran və Salyanın şimal ərazisində yayılmışdır.

Şirvan qoyunun yunundan hazırlanan Şirvanın xalçaları çox geniş yayılmış və dünya bazarında yüksək alıcılığa malikdir.

Bozax qoyun cinsi respublikanın qərb bölgəsi, Gəncə, Qazax  zonasında yayılmışdır. Bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Ana qoyunun canlı kütləsi 40-48 kq, qoçlar 54-65 kq olub, ət çıxarı 50-55 % təşkil edir, 45-50 kq əmtəəlik süd verirlər. Bozax qoyun cinsinin yunu əsasən boz (36%), nadir hallarda ağ (12,4%), qara-qonur (10,1 %), sarı və sarı-qonur (21,8 %) rəngdə olur. Orta hesabla 1,8-2,2 kq-a qədər yun verir. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona Bozax qoyun cinsi  adı verilmişdir.

Kompakt quruluşlu və möhkəm, sümükləri yaxşı inkişaf etmiş, gövdəsi gödək, qulaqları uzun, quyruğu yağlı və ucu cılız irtməkli, quyruq aynası açıqdır.

Bozax qoyun cinsləri istiyə dözümlü olub, priplazmoza az tutulur və qıtotlu otlaqlarla kifayətlənir. Qışda yarımsəhra otlaqlarında kifayət qədər yem olmadıqda Bozax qoyunları öz diri çəkisinin 20-25 faizini itirir, lakin 3-4 ay yaylaqda otladıqdan sonra kökələrək, qışda itirdiyi çəkini bərpa edir.

Bu qoyunların bədəni bir çox nisbi ölçülərinə və görkəminə görə Qarabağ qoyununa oxşayır. Boyuna və yunun xarakterinə görə ondan fərqlənir.

Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir sıra ərazisində hələ XIX və XX əsrlərdə geniş yayılmışdır. Bu cins Dağıstanla bilavasitə həmsərhəd olan Quba, Qusar, Qonaqkənd, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, qismən də Ağdaş və Göyçay rayonları ərazisində yayılmışdır. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü olan Ləzgi qoyun cinsinin erkəklərin çəkisi 40-50 kq-a qədər, dişilərinin canlı kütləsi isə 37-40 kq-a qədər olur. Yunu 2,0-3,0 kq-a yaxın, südü isə 30-40 kq-a qədər olur.

Ləzgi qoyunları xırda olub, ayaqları qısa, möhkəm, gövdəsi dərin, döş qəfəsi yaxşı inkişaf etmiş, quyruğu yağlı, ucu cılız irtməkli və quyruq aynası örtülü, tərkibi quru və möhkəmdir. Gövdəsi, boynu, ayaqları dizlərinə kimi yunla örtülüdür.

Ləzgi qoyun cinsinin rəngini ağ, boz, sarımtıl, qara-qonur rənglər təşkil edir. Rəng etibarilə əsasən 80 faizi ağ, baş və ayaqlar isə qonur və qara olur.

Yunu yumşaq olub, tiftik və orta tükü çox, nisbətən nazik, uzunluğu 10 sm olur. Yunu keyfiyyətcə Şirvan və Gödək qoyunlarına yaxındır. Yununda 78 faiz tiftik, 48 faizə kimi orta tük, 1,5-3,4 faizə kimi qalın, 4,5 faizə kimi ölü tük olur. Qılanı çox vaxt nazik olur, orta tükə bənzəyir.

Doğar qoyunların cidov hündürlüyü orta hesbla 56-57 sm, qoçlarınki isə 47 sm olur.

Herik qoyun cinsi bir sıra xarakterik nişanələrinə görə Ləzgi qoyun cinsi  ilə yaxınlıq təşkil edir. Bu qoyun cinsi əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyun cinsinə Herik qoyunu ilə yanaşı, "bürüc qoyunu" da deyilir. Herik qoyun cinsinin erkəklərinin canlı kütləsi 55-65 kq-a qədər, dişilərin canlı kütləsi isə 47-50 kq-a qədər  olur, ət çıxarı orta hesabla 42,0-48,0 faiz, süd məhsuldarlığı 80-85 litr, yağlılığı isə 6,2-6,8 faiz olur. 2,0-,2,5 kq-a yaxın yun verir.

Yunu möhkəm və yumşaq, qaba və qarışıq olmaqla fraksiyasında tiftik 60 faiz, orta tüklər 22,5 faiz, qılan 9,3 faiz, ölü tük 8,3 faiz, yunun uzunluğu ana qoyunlarda 8-12  sm-dir. Rəngi ağ olmaqla gözlərinin kənarında, baş nahiyəsi və dizlərində qara ləkələr olur. Yunu xalçaçılıqda və digər məişət əşyaların hazırlanmasında geniş istifadə edilir.

Tez yetişkən, yüksək döl vermə qabiliyyətli, sərt iqlim şəraitinə dözümlü, yamaclarda, qayalıqlarda sərbəst hərəkət edən, uzun məsafə qət edə bilən, çevik və xəstəliklərə dözümlü olmaqla  konstitusiyası bərkdir.

Bədəni xırda olub, ayaqları qısa və möhkəm, gövdəsi gödək, quyruq aynası örtülü olur. Qulaqları qısa və möhkəmdir.

Herik qoyun sürüsündə hər yüz ana qoyundan ildə iki dəfə olmaqla 123-127 baş quzu alınır.

Gödək qoyun cinsi Qədim cins olub, Quba-Xaçmaz zonasında miqdarca birinci yeri tutur, xalq seleksiyası yolu ilə yaradılmışdır.

Bu qoyunlar xırda olub, ayaqları qısa, möhkəm, gövdəsi gödək, lakin dərin, quyruq aynası örtülü formadadır. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Rəngi 80 faiz ağ, başı və ayaqları qonur və qara, ətlik-yunluq cinsdir. Canlı kütləsi qoyunlarda 30-40 kq, qoçlarda 45-50 kq,  orta hesabla ət çıxarı 45,0-48,0 faiz, süd məhsuldarlığı 45 litr, yağlılığı isə 6,4- 7,2 faiz olur.

Gödək qoyun cinsi orta, qismən ortadan aşağı irilikdə olub quru, lakin bədənin quruluğu möhkəm, nazik sümüklü, quyruq aynası öz boyu və formasına görə fərqlənir. Qabaq ətrafları biləklərdə yaxınlaşır, dırnaqlarında isə çəplik verir və arxa ətraflarda isə çapma oynaqlarında qismən yaxınlaşır. Ön ətraflar arxa ətraflara nisbətən qısa olmalıdır. Bu qoyunlar temperamentli olur. Gödək qoyun cinsinin cidov hündürlüyü orta hesabla 52-62 sm, qoçlarınki isə 57-69 sm-dir.

Digər qabayunlu qoyun cinsləri kimi Gödək qoyun cinsinin də yunu qaba və qarışıqdır. Onun tərkibi tiftikdən, keçid tüklərindən və qaba-qılan tüklərindən ibarətdir. Gödək qoyunlarının yunu müxtəlif rənglərdə olmaqla ağ qoyunlar 30 %, ağ-sarımtıl 20 %, qararənglilər 8 %, boz rənglilər 15 %, başqa rənglilər 2 % təşkil edir.

Qoyunlar ildə iki dəfə - apreldə və avqustda qırxılır. Yun qırxımı yüksək olmayıb, doğar qoyunlarda 1,5 -2 kq-a çatır. Saf yun çıxarı 68%-ə qədər olur.

Gödək cinsli qoyunların yununda tiftik 43,08 faiz, keçid tüklər 31,27 faiz, qılan 16,55 faiz, ölü tük 9,2 faiz olur. Yunun uzunluğu 6-11 sm olmaqla saçaqlı, nazik və uzunluğu ilə xarakterizə edilir.

Mazex qoyun cinsi Azərbaycanın yalnız Naxçıvan MR ərazisində, başlıca olaraq dağ və dağətəyi rayonlarda saxlanılır. Qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 kq-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə yerli əhali "qızıl qoyun" da adlandırır. Lakin ağ və qonur rənglərdə də Mazex qoyunları məlumdur. Mazex qoyun cinsi qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar. Bu cinsin diri çəkisi qoyunlarda 45-57 kq, erkəklərdə 55-75 ka, ət çıxarı 42,0-48,0 faizdir.

Mazex qoyununun əsas məhsulu süd olub, böyük gəlir verir. Süd sağımının miqdarına görə Mazex qoyunu Azərbaycan qoyun cinslərinin hamısından üstün olub, laktasiya müddəti 6 aya qədər, süd sağımı 135 litrə qədər, südün yağlılığı orta hesabla 5,1 %-ə qədər olur.

Mazex qoyunları ildə bir dəfə qırxılır. Doğar qoyunlar orta hesabla 1,6-1,8 kq, qoçlar 2,4-2,8 kq yun verir.

Mazex qoyununun yunu qaba və qarışıq fraksiyasında tiftik 48,5-57,5 faiz, keçid tüklər 20,15-41,66 faiz, qılan 4,3-14,98 faiz, yunun uzunluğu 12-20 sm-dir.

Balbas qoyun cinsi də Naxçıvanda geniş yayılmışdır. Mazex qoyun cinsi kimi, qonşu ərazilərdə, daha doğrusu, Türkiyə və İranda da məlumdur. Balbas qoyun cinsi boyca hündür, caydaq, rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyun cinsinin qoyun və qoçlarının əksəriyyəti buynuzsuz və uzunqulaqlı olur. Yelini yaxşı inkişaf edib. Sümüyü möhkəm, qoyunların qıçları uzun, gövdəsi qısa, sağrısı qabağına nisbətən hündür, döş qəfəsi yaxşı inkişaf etmiş, tərkibi quru və möhkəm, bədənin hər yerində yağ toplanmış olur. Yağ qatı gövdənin ön hissəsində nazik olmaqla arxaya getdikcə qalın, belində isə daha qalın olub sağrını və budun üstünü örtməklə, yağlı quyruğu iki böyük və kiçik yastığa bölünür. Qoyunların diri çəkisi 47-50, erkəklərinki isə 55-65 kiloqram, orta hesabla ət çıxarı 42,0-46,0 faiz, süd məhsuldarlığı 125-135 litr, yağlılığı isə 5,4-7,0 faizdir. Aparılmış müayinələrə görə süddə orta yağlılıq birinci ayda 4,2 faiz, ikinci ayda 5,2 faiz, üçüncü ayda 5,3 faiz olur. Hər bir qoyundan 2 kq, qoçdan isə 3,2 kq-a qədər yun qırxılır. Yun məhsuldarlığına görə Balbas qoyunu Azərbaycanda yetişdirilən qabayunlu qoyunların hamısından üstündür.

Balbas qoyunun yunu ağ rənginə, bir tipliliyinə və uzunluğuna görə toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.

Balbas qoyunun məhsuldarlıq və damazlıq keyfiyyətlərinin  yaxşılaşdırılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir.

Caro qoyun cinsi və ya Carov  Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında, Astara, Lerik, Yardımlı və Masallıda geniş yayılaraq, sərt dağ ətəkləri və meşə otlaq şəraitinə uyğunlaşmış heyvandır. Bu qoyun cinsi Ləzgi qoyun cinsinə daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan Caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha yaxşı uyğunlaşır. Qoyunların çəkisi 38-45, erkəklərinki isə 50-60 kiloqram, orta hesabla ət çıxarı 40,0-45,0 faiz, laktasiya müddətində süd məhsuldarlığı 50-60 litr, südünün yağlılığı isə 6,5-7,0 faiz  olur.

 Ağ, kürən, gümüşü rəngdə olmaqla yun örtüyü sıx olub, digər cinslərə nisbətən çox müxtəliflik təşkil edir. Ana qoyundan 2,0-2,4 kq, qoçlardan 2,8-3,0 kq qədər yun alınır.  Yunu möhkəm və yumşaq, qaba və qarışıq olmaqla fraksiyasında tiftik 58,6 faiz, orta tüklər 17,6 faiz, qılan 11,3 faiz, ölü tük 12,5 faiz, yunun uzunluğu 6-10 smdir.

Tez yetişkən, yüksək döl vermə, sərt dağ ətəkləri və meşə otlaq şəraitinə uyğunlaşmış, yağlıquyruqlu, hər cür şəraitə və xəstəliklərə dözümlü cinsdir. Yüz ana qoyundan ildə iki dəfə olmaqla 123-130 baş quzu alınmalıdır.

Azərbaycan Dağ Merinosu cinsinin nisbətən geniş istifadə edilməsində təkcə onun ətlik istiqamətli olması deyil, həm də yüksək keyfiyyətli zərifyununun olması ilə əlaqədardır. Yaşlı qoyunlarından 7-10 kq-a qədər, cavanlardan isə 4-6 kq nazik və uzun yun qırxılmaqla  uzunluğu 8-12 sm, bəzən 14 sm, nazikliyi 60-64 keyfiyyətdə olur.

Bu da Merinos qoyun cinsinin üstünlüyünü göstərən ən əsas şərtlərdən biridir. Ana qoyunlarının çəkisi 45-50 kq, erkəklərinki isə 65-75 kq olmaqla, orta hesabla ət çıxarı 42,6-46,0 faiz, süd məhsuldarlığı 35-40 litr, südünün yağlılığı isə 6,7-7,0 faizdir.

1947-ci ildə professor F.Ə.Məlikovun rəhbərliyi altında yaradılmış, vaxtilə yunundan müxtəlif növdə parçalar hazırlanan Azərbaycan Dağ Merinosu qoyun cinsi respublikamızda yalnız Gədəbəy rayonunun “Koroğlu” adına damazlıq təsərrüfatında saxlanmışdır.

Azərbaycan dağ merinosu qan etibarı ilə mürəkkəb bir cinsdir və bu cinsin yaradılmasında bir neçə merinos cinsləri, qabayunlu qoyun cinsləri iştirak etmişdir.

Yaşlı ana qoyunların cidov hündürlüyü 68 sm, döş qəfəsi yaxşı inkişaf etmiş, dərin və uzun, sümüyü möhkəm, dərisi qalın, geniş və qırışıqsızdır. Çevik olmaqla otlaq şəraitində bəsləmə və uzaq dağ yolu getmə şəraitinə alışmış, piroplazmoz (isitmə) xəstəliyinə davamlıdır.

Hər 100 qoyundan 112-125 quzu alırlar. Azərbaycan dağ merinosunun məhsuldarlığını artırmaq mümkündür. Bunun üçün birinci növbədə yem şəraitini yaxşılaşdırıb, qoyunları bütün il boyu yaxşı yemləyib, bəsləmək lazımdır. Yaxşı yemləmə şəraitində qoyunların diri çəkisi 60-65 kq, qoçları isə 100-120 kq-a qaldırmaq olar. Bəzi rekordçu qoçlar 14-16 kq yun verirlər.

Qala qoyun cinsi Abseron zonasının təbii-iqlim və otlaq şəraitinə yaxşı uyğunlaşmış xalq seleksiya yolu ilə yaradılmışdır. Yetişdirmə tarixi çox qədimdir. Qala qoyunu ətlik-yunluq-südlük istiqamətli, yağlı-quyruq qrupuna mənsub cins olub, qaba və yarımqaba yun verir. Tezyetişkənlik və törəyib artmaq xüsusiyyətinə malikdir. İl boyu təbii otlaqlarda saxlanmaqla yüksək keyfiyyətli ət, quyruq, yun, süd və bala verir. Otlaq və bordaq şəraitində intensiv kökəlir.

Qoyunların çəkisi 50-75 kq, erkəklərinki isə 60-100 kq, ət çıxarı 42- 52%, süd məhsuldarlığı 70-100 kq olmaqla  yağlılığı 6,4% -ə qədər olur.

Yunla örtüyü uzun və orta sıxlıqda olmaqla boyun, qarın nahiyəsi kifayət qədər örtülü, rəngi açıq-boz, tünd-boz, sarı-kürən olur. Başın və ayaqların örtücü tükləri yuna nisbətən daha tünd-kürən, boz, sarı rəngdə olur. Quzular tünd –qırmızı, kürən, boz, açıq-boz rəngdə doğulurlar. Baş və ayaqlarında tünd rəng quzular analarından ayrılana qədər qalır. Yunun rəngi birinci qırxımdan sonra tündlüyünü itirib açıq boza çalır. Qala qoyun yunu xalçaçılıqda çox əlverişli olub, Bakı xanlığı dövründə Bakı xalçası adı ilə dünya bazarlarında geniş yayılmışdır.

Qala qoyunun gövdəsi iri, başı yüngül və orta böyüklükdə, düz profilli, qoçlarda nisbətən dik burunludur. Qoyunların əksəriyyəti buynuzsuzdur, tək-tək hallarda qoçlarda buynuza rast gəlinir. Qulaqları uzun və salaq olmaqla boynu uzun və əzələli, bədəni uzun və enli, cidovu enli, beli düz, sağrısı enli və bir qədər sallaqdır. Döşü kifayət qədər enli və dərin, budu ətli, ayaqları uzun və nazik, dırnaqları quru və möhkəmdir. Quyruğu ovalvari formada, böyük və sallaq, sağ və sol paylardan ibarət, irtməyi yağsız olub, quyruq çevrəsinin ortasında durur.

Qala qoyunu doğulduqda erkək quzularının canlı kütləsi 4,23 kq, dişilərin canlı kütləsi 3,92 kq, 18 aylıqda erkək toğluların canlı kütləsi 59,9 kq, şişəklərin canlı kütləsi 50,1 kq, iki yaş yarımında qoçların canlı kütləsi 71 kq, anacların canlı kütləsi 55,4 kq olur. Elit törədici qoçların canlı kütləsi 71 kq, yun məhsuldarlığı 3,5 kq, birinci sinif qoçların canlı kütləsi 60 kq, yun məhsuldarlığı 3,0 kq təşkil edir. Elit ana qoyunlar 3 kq, birinci sinif ana qoyunlar 2,5 kq, elit şişəklər 3 kq, birinci sinif şişəklər isə 2,5 kq yun vermişdir.

Quzular 6 aylıqda qırxıldıqda orta hesabla 0,9-1,0 kq güzəm verir. Yunun təmiz çıxarı 60-65 %, güzəmin təmiz çıxarı isə 70 %-ə çatır.

Qala qoyunu ətlik-yunluq-südlük istiqamətli cinsdir. Qala qoyunların süd məhsuldarlığı öyrənilərkən 2-3 qarın doğmuş qoyunlar seçilmiş və fərdi yoxlama sağıma aparılmışdır. Sağım mart ayının əvvəlindən may ayının axırına kimi davam etmişdir. Bu dövrdə qoyunların sağılması quzuların inkişafına heç bir mənfi təsir göstərməmişdir. Sağım dövründə hər qoyundan orta hesabla 45-50 litr süd sağılmışdır. Südün yağlılığı 6,4% olmuşdur. Hər qoyundan sağılan süddən orta hesabla 10 kq yüksək keyfiyyətli pendir hazırlamaq olur ki, bu da öz qidalılığı cəhətdən 14 kq orta keyfiyyətli qoyun ətinə və yaxud canlı kütləsi 30-35 kq olan toplunun ətinə bərabərdir.

Aparılan təcbürələrin və tədqiqat işlərinin nəticələri göstərir ki, Qala qoyun cinsinin çox böyük iqtisadi üstünlükləri var. Belə ki, yüksək balavermə qabiliyyətinə malik olmaqla hər 100 ana qoyundan orta hesabla 105-120 baş quzu almaq olur. Bu cinsin zərifyunlu qoyun cinsləri ilə cütləşdirib yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsində Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşı N.Nəcəfovun, Ə.Xudiyevin xidmətləri çox böyükdür.

Azərbaycanın məşhur tarixi qoyun cinsləri xalqımızın canlı milli sərvəti olub, onun “qızıl fondu” sayılır. Bu qoyun cinsləri xalqımızın tarixi boyu keçdiyi canlı həyat yolunu tərənnüm edir.

06.12.2024

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

06.12.2024

Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər

05.12.2024

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib