Xurma, Ebenaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü vardır. Bu cins və növlər əsasən Cənubi-Şərqi Asiya, Hindistan, Malay arxipelaqinin tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins - Diospyros L. (2/2=30, 60, 90) cinsi geniş yayılmışdır. Bu cinsin Yer kürəsində 200-ə qədər növü vardır. Bunların əksəriyyəti həmişəyaşıl bitkilər olmaqla, tropik ölkələrdə yayılmışlar. Cinsin yalnız az bir qismi subtropik bölgədə yayılmışdır. Bunlardan Şərq xurması (D.kaki L), Qafqaz xurması (D.lotus L), Virgin xurması (D.virginiona L), Çin xurması (D.sinensis Hans.) Texas xurması (D.texana Schulle), Mavrikiya xurması (D.tesselaria Roir), Armata xurması (D.Armata Hemsl), Formoza xurması (D. Morresiana Hamce), Marşi xurması (D. utilisHemsl.) və s. göstərmək olar. Şərq xurmasının (D.Kaki L) ilk formaəmələgəlmə mərkəzi Mərkəzi Çin dağları olub, dəniz səviyyəsindən 900-1200 m hündürlükdə yayılmışdır. İkinci formayaratma mərkəzi regionun kənarlarında yerləşən Hindistan və Birma hesab edilir. Burada geniş sahələrdə təbii əkinlərə rast olunur.
100 q meyvədə sortlar üzrə 0,07 - 67 mq miqdarında müxtəlif elementlər, o cümlədən alminium, barium, mis, xrom, dəmir, nikel, silisium, stronsium, vanadium, fosfor, maqnezium, natrium, kalium, kalsium və s. vardır.
Xurma meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş halda istifadə edilir. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, povidlo, pastila, unlu xörəklər üçün naçinka və həmçinin spirtli içkilər hazırlanır.
Qurudulmuş meyvələrdə 84,2% quru maddə, 62% şəkərlər, 0,38% üzvi turşular, 0,12% dabbaq maddələri və s. vardır.
Şərq xurması uca boylu (15m və daha artıq), geniş çətirli, uzun ömürlü, qışda yarpaqlarını tökən ağac bitkisidir.
Şərq xurması mülayim iqlim qurşağında yerləşən ölkələrdə daha çox becərilir.
Dünyada Şərq Xurması (Diospyros kaki L.) istehsalı 4285954 ton olub, ən çox istehsalı Çin, Koreya Respublikası,Yaponiya, Braziliya, Azərbaycan, İtaliya, İsrail, Özbəkistan və Türkiyə reallaşdırmaqdadır.
Azərbaycanda iqtisadi rayonlar sırasında Gəncə-Qazax zonası xurma istehsalının 44%-ni təşkil edir.
Sortları. Şərq xurmasının Yaponiyada 800-dən artıq, Çində 1000-dən artıq sortu məlumdur. Respublikamızda əsasən Xaikume, Xaçiça, Zənci-maru, Jiro, Sidles, Fuyyo, Yemon, Tusuru, İri Tamopan, Çinebuli rayonlaşdırılmış və perspektivli Amon-Kaki sortları becərilir.
Xarici səraitə münasibəti. Şərq xurması xarici mühit şəraitinə az tələbkarlığı ilə fərqlənir. Subtropik meyvə bitkiləri içərisində şaxtaya ən davamlı bitkidir. Mənfi -2°C və -23°C temperatura davam gətirir. Vegetasiyası nisbətən gec başladığından yaz şaxtalarından ziyan çəkmir.
Şərq xurması torpaq mühiti reaksiyasına tələbkar deyil. Müxtəlif reaksiyalı torpaqlarda (pH 4,5-8) normal inkişaf edir. Torpağın və havanın yüksək rütubətliliyinə davamlıdır.
Artırılması. Şərq xurması toxum və calaqla çoxaldılır. Toxumdan əmələ gəlmiş bitkilər gec (5-8 il) məhsula düşdüyündən və əksər hallarda ana bitkidən fərqləndiyindən calaqla artırılır. Şərq xurması üçün respublikamızın şəraitində ən yaxşı calaqaltı Qafqaz xurması hesab edilir. Eyni zamanda Virgin xurması və Şərq xurmasının toxmacarları da bu məqsədlə istifadə oluna bilər. Yığımdan sonra yetişmə dövrünü başa çatdırmaq üçün Şərq xurması 60, Virgin xurması 60-90, Qafqaz xurması isə 90 gün tələb edir. Stratifıkasıya edilmədən tədarük olunmuş toxumları payızda qumla qarışıq halda birbaşa sahəyə səpmək də yaxşı nəticə verir. Respublikamız şəraitində xurmanı iki vaxtda - yazda (5-30 aprel) və yayda (25 iyul-10 sentyabr) calamaq məsləhətdir.
Bağın salınması və qulluq. Şərq xurması üçün küləklərdən mühafızəli, günəş şüası ilə tam təmin olunmuş sahələr seçilməlidir. Şoran, şorakət, qrunt suları üzdə olan, daşlı-çınqıllı torpaqlar xurma bağı üçün yararsızdır. Seçilmiş sahə, sahəsi 8-12 hektar olan (tərəflərin nisbəti 2:1, 2,5:1 olmaqla) sərnələrə bölünür. Sərnənin uzun tərəfı cənubdan-şimala doğru yönəldilir. Bu zaman 20-30°-yə qədər düzəliş vermək olar. Xurma üçün əsasən düzbucaqlı əkin sxemindən istifadə edilir. Hazırda intensiv tipli - sıxlaşdırılmış xətvari əkin sxemi sınaqdan keçirilir. Düzbucaqlı əkin sxemində qida sahəsi sortdan, relyefdən, torpağın münbitlik səviyyəsindən asılı olaraq 8x5 m, 8x4 m, 6x5 m, 6x4 m, sıxlaşdırılmış sxemdə isə 6x3, 6x2, 5x3 m verilə bilər.
Şərq xurmasının 1 hektarından 280 sentner məhsul alınarsa, həmin sahədən 3700-4000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 53% təşkil edəcəkdir.