Azərbaycan şəraitinə uyğun ətlik iribuynuzlu heyvan cinsləri
Aberdin-anqus
Bu cinsin vətəni Şotlandiyanin şimali-şərq hissəsində yerləşmiş Aberdin-anqus və Banf qraflıqlarıdır. Bu cins xarici mühitə yaxşı uyğunlaşan, yemlərdən səmərli istifadə edən, bala ölümü aşağı, yüksək ətlik keyfiyyətlərə malik olan və hazırda dünyanın hər yerində geniş yayılmış ətlik cinsidir.
Heyvanlar əsasən qara və qırmızı rəngdə olmaqla buynuzsuzdur. Başqa cinslərlə çarpazlaşdırıldıqda öz buynuzsuzluq əlamətini saxlaya bilirlər. Digər ətlik cinslərə nisbətən bu cins xırda hesab olunur. Yaşlı cöngələr 700-800 kiloqram, inəklər 500-600 kiloqram, doğulduqda erkəklər 29 kiloqram, dişilər 27 kiloqram olurlar. Aberdin–anqus malının bədəni zəif yağ təbəqəsi ilə örtülü olur. Ət kəsim çıxarı 60-70 faizə çatır. Heyvan çox yetişkən olmaqla on beş aylıqda canlı kütləsi 400 kiloqram və daha çox olur.
100 baş inəkdən azı 95,4 bala alınır. 208 günlükdə onları anadan ayırdıqda diri çəkisi 203 kiloqrama çatır və sutkalıq çəki artımı 798 qram olur.
Bu cins respublikamıza 1970-ci illərin əvvəllərində gətrilmiş, müəyyən qədər təmizlikdə yetişdirilmiş və ətlik istiqamətli təsərrüfatlarda Qafqaz qonur malı ilə kütləvi surətdə çarpazlaşdırılmışdır. Aberdin-anqus əsasən Quba, Lerik, Qubadlı, Şamaxı və Yardımlı rayonlarının ətlik maldarlıq təsərrüfatlarında cəmləşdirmişdilər.
Hollavey
İngiltərənin Hollavey əyaləti ərazisində yetişdirilmişdir. Buynuzsuz, üzü sıx tüklü, dırnaqları möhkəm olmaqla dağlıq və soyuq iqlim şəraitinə dözümlüdür.
Hollavey cinsi dərin və enli bədən quruluşuna, alçaq ayaqlarına görə xarakterizə olunur. Bədən quruluşuna və rənginə görə Aberdin-anqus cinsinə oxşarlığı vardır. Tükünün uzun olması onu soyuqdan yaxşı mühafizə edir. Bu cins bütün il boyu otlaq şəraitində qala bilir. Lazımi qədər qaba yem olduqda qışı yaxşı keçirir. İnəklərin diri çəkisi 500 kiloqram, törədicilərinki isə 800-850 kiloqram təşkil edir.
Bu cins uzun ömürlü olması ilə fərqlənir. Hollavey inəkləri 190 günlük olduqda 1100-1200 kq süd verir və südündə 4,5- 5% yağlılıq olur. Şotlandiya şəraitində sutkalıq çəki artımı 900 qrama çatır. On beş aylıqda diri çəkisi 330-430 kiloqram, 27 aylıqda 485-535 kiloqram olur. Ətlik heyvanlar 2 yaşında 576 kiloqram, 2-3 yaşında 724 kiloqram diri çəkiyə çatır. Otlaq və kökəlmədən sonra heyvanın ət kəsimi çıxarı 60-68% təşkil edir. Hollavey cinsi soyuq və sərt iqlim şəraitinə dözdüyü kimi, isti iqlimə də yaxşı uyğunlaşır və ona görə də Argentina, Braziliya, Kanada, Hollandiya,Yeni Zelandiya və ABŞ-da geniş yayılmışdır. İsti ölkələrdə bu cinsin tükü çox uzanır.
1970-ci ildən başlayaraq bu ətlik cins respublikamızın ətlik-maldarlıq istiqamətli təsərrüfatlarında həm təmizlikdə yetişdirilir, həm də ondan az məhsuldar Qonur-Qafqaz malının məzələşdirilməsində istifadə edilir. Hollavey cinsinin ən iri naxırları sovetlər dönəmində Gədəbəy, Kəlbəcər, Laçın, Daşkəsən və Göygöl rayonlarında olmuşdur.
Şarole
Fransanın Şarole krallığında yetişdirilmişdir. Şarole cinsi ətlik cinslər içərisində mühüm yer tutur. Buğaların diri çəkisi 1000-1200 kiloqram, bəzən 1400 kiloqram, inəklərdə isə orta hesabla 700-800 kiloqram, bəzi hallarda 1100 kiloqram olur. Cavanlar 8-9 aylıqda 340 kiloqram diri çəkiyə çatırlar. İntensiv bəslənmədə diri çəki erkəklərdə 500 kiloqrama çatır. Bu cins tez yetişkənliyi, keyfiyyətli əti və ət kəsimi çıxarı (60-70%) ilə başqa cinslərdən fərqlənir. Şarole cinsi möhkəm konstitusiyalı, dal və qabaq ayaqları yaxşı inkişaf etmişdir.
Bədəni əzələ ilə yaxşı əhatə olunmuş, döşü enli və dərin, başının böyüklüyü orta, enli alınlı və buynuzları qısadır. Cins yaxşı ətlik keyfiyyəti ilə xarakterizə olunur. Ətinin üst səthi nazik yağ təbəqəsi ilə örtülü olmaqla yağ azlıq təşkil edir. Süd məhsuldarlığı il ərzində hər inəkdən orta hesabla 1500-2000 kiloqramdır.
Buzovlar adətən otlaqda bəslənilir, 6-8 aylıqda analarından ayrılır. Cavanlarda sutkalıq çəki artımı 1500-1800 qrama çatır.
Limuzin
Fransanın Limuzin krallığında yetişdirilmişdir. Bu cins həm soyuq qış, həm də isti və küləkli hava şəraitinə uyğunlaşdırılmışdır. Ətlik cins olmaqla bərabər yaxşı süd məhsuldarlığına da malikdirlər. Ona görə də bu cins ətlik-südlük istiqamətli hesab olunur. İnəklər laktasiya dövründə 5,2% yağlılıqda olmaqla 4000 kiloqrama qədər süd verirlər. Böyüklüyünə görə Şarole cinsindən sonra ikinci yeri tutur. Diri çəki törədicilərdə orta hesabla 950-1150 kiloqram, inəklərdə isə 600-650 kiloqram olur. Limuzin cinsi tez kökəlməyə malikdir. Buzovlar doğulduqda 38-42 kiloqram çəkidə olurlar. İntensiv bəslənmə şəraitində erkəklər 12 aylıqda 500 kiloqram diri çəkiyə çatırlar.
Heyvanların rəngi açıq-qırmızı və sarı olur . Bədən quruluşu normal olmaqla ayaqları möhkəm, başı orta, alnı isə enlidir. Boynu qısa və enli, beli düz və arxa hissəsi yaxşı inkişaf etmişdir.
Bu heyvanın ət kəsim çıxarı 70% -ə yaxındır, ətinin yeyilən hissəsi 85%-dən çoxdur.
Bu cins Azərbaycana daha çox 1985 ildə gətrilmiş və Ağdam rayon təsərrüfatlarında yerli qaramal ilə cütləşdirilmişdir və yüksək məhsuldarlığa malik olan mələzlər alınmışdır.