Bibər tərəvəz bitkiləri içərisində öz dad və qidalılıq tərkibinə görə çox fərqlənir. Belə güman edilir ki, şirin bibər XVIII əsrin ikinci yarısında Bolqariyadan Ukraynaya gətirilmiş, acı bibər isə Cənubi Amerikanın qədim bitkisidir. Cənubi Amerikanın kəndlərində 3000 il qabaq, bəzi məlumatlara görə isə 6000 il qabaq əkilmişdir. Beləliklə, şirin bibər acı bibərə nisbətən cavan bitkidir.
Bibərin tərkibində texniki yetişkənlikdə 5,5-dən 7,7%-ə qədər quru maddə olur. Meyvə yetişdikcə quru maddənin miqdarı artır və 11,7-12,0%-ə çatır. Zülal 1,4-1,5%, vitamin C texniki yetişkənlikdə 84-176 mq%, bioloji yetişkənlikdə 146-270 mq%-ə qədər yüksəlir. Bunlardan başqa bibərin tərkibində sellüloza, pektinlər, azotlu maddələr, üzvi turşular, vitaminlər, mineral duzlar, acılıq verən alkoloid-kapsaisin və rəngverən karotinoid maddələri vardır.
Xalq təbabətində bibərin xoş iysini təmin edən uçucu efir yağlarının olması iştah yaradır ki, o da öz növbəsində qidanın yaxşı həzm olunmasına, maddələr mübadiləsinin yaxşılaşmasına və müxtəlif xəstəliklərin aradan qaldırılmasında vasitə kimi hesab edilir. Acı bibər isə məişətdə dad verən ədva kimi, tibbdə, konserv və emal sənayesində, duza qoyulmada, liker-araq istehsalında, həmçinin mənənəyə, tırtıla və başqa həşəratlara qarşı insektisid kimi istifadə olunur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı təsərrüfat ilində Azərbaycanda 2942 hektar sahədə şirin bibər, 1708 hektar sahədə acı bibər əkilmiş, cəmi 37350,0 ton şirin bibər, 17576 ton acı bibər məhsulu istehsal edilmiş, hektardan məhsuldarlıq şirin bibərdə 125,8 sentner, təkrar əkindən məhsul 353 ton, uyğun olaraq acı bibər də 101,1 sentner və 317 ton olmuşdur.
Bibərin meyvəsi həm texniki, həm da bioloji yetişkənlikdə istifadə edilir. Şirin bibərin qurudulmuş meyvəsindən qırmızı istiot unu hazırlanır ki, bu da çox yüksək qidalı vitaminli ərzaq hesab olunur.
Bibər bitkisinin sortları: Respublikamızda şirin bibərin tezyetişən Murad, Yadigar, Zümrüd, ortayetişən Podarok Moldavı və Şəfa sortları rayonlaşdırılmışdır. Acı bibərin isə tezyetişən Göy-göl sortu və Shakira F1 hibridi rayonlaşdırılmışdır. Şirin bibərin tezyetişən sortlarının bütünlüklə respublikada, bəzilərinin suvarılan-ovalıq zonada, ortayetişən sortlarının yenədə respublika və suvarılan ovalıq zonada, acı bibərin isə respublikada əkilməsi məqsədəuyğundur. Göy-göl sortu həm də Rusiyanın bütün regionlarında rayonlaşdırılmışdır.
Yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü
Yerli sortlardan çirin bibərin Murad, Yadigar, Şəfa, Zümrüd sortları xarici sortlardan əsas göstəricilərinə görə qeyd olunan üstünlüklərə malikdirlər.
Vegetasiya müddəti (günlə) 98-102 gün
Məhsuldarlıq (sen/ha) 430-470
Keyfiyyət göstəriciləri- quru maddə 7,4-8,8%
ümumi şəkər 2,5-4,5%
vitamin C-118-167mq%
Acı bibərin Göy-göl sortunda da uyğun olaraq bu göstəricilər belədir: 12,4-14,8%, 2,2-3,1%, 139,0-145,0 mq%.
Bibər əkini və əkinlərə qulluq
Bibər bitkisi üçün ən yaxşı sələf kələm, xiyar, noxud və çoxillik otlar hesab olunur. Bibəri münbit, qida maddələri ilə zəngin torpaqlarda əkmək lazımdır. Onun şitilinin becərilməsinə martın birinci ongünlüyündən başlamaq lazımdır.
Bibər əkilən sahə vaxtlı-vaxtında becərilməli, alaqdan təmizlənməli və suvarılmalıdır. Bitkilərə əlavə yemləmə gübrələri verilməli onların dibi yumşaldılmalı, ziyanverici və xəstəliklərə qarşı mübarizə aparılmalıdır. Şitillər cərgəvi üsulla 70x30 sm sxemdə əkilməsi əlverişlidir.
Vegetasiya ərzində hektara 20 ton peyin 150-180 kq azot, 120-180 kq fosfor, 120-150 kq kalium verilməsi məsləhət görülür. Peyinin 70-80%-ni əsas şum altına, 20-30%-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. Fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-ni şitil sahəyə əkiləndən 15-20 gün sonra, 30%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələgətirmə dövründə vermək lazımdır. Azot gübrəsinin 30%-ni ikinci şum altına, 30%-ni şitil əkiləndən 15-20 gün sonra, 40%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələ gələn dövrdə vermək məsləhətdir.
Şirin bibər sortlarının 1 ha yüksək sort təmizliyinə məxsus əkin sahəsindən 70-100 kq yüksək reproduksiyalı toxum, acı bibər sortundan analoji olaraq 80-150 kq toxum, bir ton şirin bibər məhsulundan 7-10 kq, uyğun olaraq acı bibər məhsulundan 15-18 kq toxum alınır. Acı bibərin toxumluq sahəsi şirin bibər əkilən sahədən ən azı 1000-2000 m məsafə ilə təcrid olunmalıdır.
Bibərin geniş yayılmış xəstəlikləri fuzarioz soluxması, trixomikoz göbələyi hesab edilirlər.
Xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə olunur.
Bir hektar sahədə bibər yetişdirilməsinə 5081,3 manat xərc çəkilmiş, 1 kq toxumun maya dəyəri 16,94 manat təşkil edir.