Çoxillik əkmələr

Şabalıd

  • A
  • A
  • A

Şabalıd, fıstıq (Fagaceae) fəsiləsinə, Castanea Mill. cinsinə aid olub 14 növü vardır. Bunlardan respublikamızda təbii halda bir növ - Adi şabalıd yayılmışdır.

Adi şabalıd (Csativa Mill), Azərbaycanın şimali-qərbində, Böyük Qafqaz dağlarının cənub ətəklərində, Ön Qafqazın qərb hissəsində, Balkan ölkələrində, Türkiyə, İtaliya və Fransada yayılmışdır. Keçmiş SSRİ məkanında yabanı şabalıd əkinləri 70 min ha təşkil edirdi.

Şabalıd, 30-35 m hündürlükdə, gövdəsi 2-3 m-ə qədər diametrdə olan ağacdır. Gövdəsi düz, gözəl qamətli, geniş kürə şəkilli çətrə malikdir. Gövdə qabığı qara rəngli, şırımlıdır. Cavan budaqları və zoğları qırmızı-qəhvəyi rəngli, zərif tüklüdür. Tumurcuqları ardıcıl düzülüşlü, yumru-yumurtavari formalı, üzəri iki ədəd pulcuqla örtülüdür.

Birevli bitkidir. Çiçəkləri ayrı cinsiyyətlidir. Erkək çiçək tumurcuqları sadə olub, budağın təpəsində yerləşir. Açıldıqda uzun, sırğa şəkilli, ağımtıl-sarı rəngli, ətirli çiçək topası yaradır. Hər çiçək topasında 8-12 ədəd çiçək yerləşir. Dişi çiçək tumurcuğu mürəkkəb olub, açıldıqda zoğ üzərində dixaziya tipli, 2-3 çiçəkli çiçək topası yaradır. Mayda çiçəkləyir. Küləklə tozlanır. Meyvəsi oktyabrda yetişir. Meyvəsi, tikanlı qərzəyin içərisində yerləşir. Qərzək meyvə yetişən ərəfədə partlayır və şabalıd yerə düşür.

Şabalıd meyvəsində 8-11% zülal, 16-34% nişasta, 7-17% şəkərlər, 1,3-9,1% yağ, müxtəlif üzvi turşular və s. vardır.

Meyvələrdən həm təzə, həm qovrulmuş və həm də suda bişirilmiş halda istifadə edilir. Şabalıd bir sıra milli xörəklərin hazırlanmasında çərəz kimi işlənir. Oduncağı möhkəm və şəkilli olduğundan ondan mebel materialı və parket döşəmələr hazırlığında istifadə edilir.

Asiya qitəsi ölkələri istehsalda ilk sırada yer almaqla dünya şabalıd istehsalının 87,5%-ni təşkil edir. Bu qitədə Çin, Koreya, Türkiyə və Yaponiya əsas istehsalçı ölkələridir. Istehsalda Avropa qitəsi 8,3% paya malikdir. Qeyd edək ki, İtaliya, Portuqaliya, İspaniya,Yunanıstan və Fransa istehsalçı ölkələr sırasındadır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi zonası şabalıd istehsalının 98,7%-ni təşkil edir. 

Sortları. Şabalıd istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi baxımdan əhəmiyyətli sortlar: Çiusa, Pesio, Luserna, Val susa, Kastel del Rio, Montaqne, Sardonne, Komballe, Bouçe de Bétizak, Bournette, Maridonne, Maraval, Mariqoule, Marsol, Amarelante 1, Famosa, Qarrida, İnkserta, Lonqal, Loura, İşizuki, Tsukuba, Tanzava, Qinyosedir.

Respublikamızda əsasən Şəki-Zaqatala bölgəsində geniş yayılmışdır. Burada daha çox toxumdan əmələ gəlmiş müxtəlif irilikdə və şəkildə olan İrimeyvəli, Xırdameyvəli, Bərquhəva sortlardır.

Xarici səraitə münasibəti. Şabalıd isti iqlim bitkisidir. Normal inkişaf etməsi üçün uzun müddətli mülayim isti şərait tələb edir. Güclü isti və quraqlığa davam gətirmir. Qısa müddətli 20…25° şaxtaya davam gətirir. Rütubətlə normal təmin olunmuş yerlərdə yaxşı inkişaf edir. Artıq rütubətliliklə barışmır. Kifayət qədər (500-800 mm və çox) atmosfer çöküntüləri dışən dağlıq və dağətəyi sahələrdə yaxşı inkişaf edir. Yay və payızı quraq keçən ərazilərdə pis böyüyür.

Torpağa tələbkardır. Münbit, qalın şum qatlı torpaqları sevir. Gilli və əhəngli torpaqlar şabalıd üçün yaramır.

Artırılması. Şabalıd toxum və calaqla artırılır. Toxumdan əmələ gəlmiş bitkilər ana bitkidən xeyli fərqlənirlər. Ona görə də bu üsul seleksiya məqsədilə və calaqaltı yetişdirmək üçün istifadə edilir.

Toxumlar payızdan stratifikasiya edilir və yazda səpilir. Toxmacarlara göz calağı vurulur. Calaq yayda adi və ya «lülə» göz calağı üsulları ilə aparılır. Calaq tutmayan toxmacalara yazda adi göz calağı və ya qələm calağı vurulur.

Bağın salınması və qulluq. Şabalıd əkini üçün sahə payızdan dərin (60-70 sm) plantaj şumu edilir. Ağacları uzun ömürlü, geniş çətirli və işığa tələbkar olduğundan qida sahəsi 15-20x15-20 m verilir. İlk vaxtlar bitkilərin zəif böyüdüklərini nəzərə alaraq cərgə araları 10-15 il müddətində az ömürlü meyvə bitkiləri (şaftalı, qarağat, firəng üzümü, çiyələk) və ya çoxillik ot bitkiləri altında saxlana bilər. Yayı quraq keçən şəraitdə şabalıd mütləq suvarılmalıdır.Şabalıd bitkisində sanitar və cavanlaşdırıcı budama tətbiq edilir.

Yeni şabalıd bağının salınması üçün 12x12 m sxemi üzrə 2500 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 45 sentner məhsul alınarsa həmin sahədən 3000-3200 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 75-80% təşkil edir.         

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib