Bitkiçilik

Ərik

  • A
  • A
  • A

Ərik bitkisi: bioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti

 

Ərik (Armeniaca Scop.) cinsi başlıca olaraq Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, həmçinin Qafqazda yayılmış 8 növü birləşdirir. Bu növlərdən yalnız biri-adi ərik mədəni halda becərilir.

Adi ərik (Arvulqaris Lam.) yabanı halda Orta Asiya və Çində yayılmışdır. Adi ərik çox qədimdən meyvə bitkisi kimi becərilir. Hələ eramızdan 4 min il əvvəl ərik Çində mədəni halda becərilirmiş, sonralar «İpək yolu» vasitəsilə Ön Asiyaya (İran, Güney Qafqaz, Kiçik Asiya) yayılmışdır.

Erməni tarixçiləri tarixi faktları saxtalaşdırmaqla əriyin latın adının (Armeniaca) Ermənistanla bağlılığını sübut etməyə çalışırlar. T.Talıbov və S.Babayevanın (1997) dünya tarixçilərinə istinadən göstərdiyi kimi, “Armannu” toponimi Suriya ərazisindədir və bu toponim hələ e.ə. III minillikdə Elba yazılarında xatırladılmışdır. Həmin dövrdə bütövlükdə Suriya ərazisində nəinki erməni, hətta heç bir Hind-Avropa mənşəli tayfa olmamışdır. Akkadca «ərih» mənasında «armannu» sözü işlədilərkən, ermənilər (haylar) hələ indiki Ermənistan ərazisinə gəlməmişdilərhələ indiki Ermənistan ərazisinə gəlməmişdilər.

Azərbaycan dilində «ərik» türk mənşəli orta Asiya xalqlarında olan «uryuq» sözünün az fərqli təkrarıdır.

Ərik meyvələrində şəkərlər (4,7-20%), müxtəlif turşular (0,32-6,6%), pektin maddələri (0,51-1,6%) A və C vitaminləri vardır. Toxumlarında 45-58% yağ və 25% zülal vardır.

Əriyin meyvələri təzə halda yeyilməkdən başqa, ondan kompot, mürəbbə, cem, povidla, pastila, şirə, şərab və likyor hazırlanır. Ərik meyvələrindən hazırlanmış qax dünya bazarında yüksək qiymətləndirilir. Onun tərkibində 51,6-92,6% şəkər olur.

Azərbaycanda, Orta Asiya respublikalarında milli xörəklərin hazırlanmasında (xüsusən plov) ərik qaxı əvəzolunmaz çərəzdir. Əriyin şirin ləpəli sortlarından istehsal olunmuş yağ qənnadı sənayesində istifadə edilir. Tibbdə ərik meyvələrindən qan azlığı zamanı geniş istifadə edilir.

Dünyada 9720 min ton ərik istehsal olunur ki, onun təxminən yarısı Çinin payına düşür. Ərik istehsalına görə Çindən sonrakı yerləri ABŞ, Serbiya və Türkiyə tutur.   

Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan iqtisadi zonası ərik istehsalının 30%-ni təşkil edir. 

Sortları. Əriyin dünya miqyasında 2000-dən artıq sortu vardır. Dünyada ərik istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi cəhətdən əhəmiyyətli sortlar: Qiant, Daqen, Violet, Verte, Karagöynük, Stanley, President, Suqar, Firenze-90 avropa qrupu ərik sortları və yapon qrupu sortlarından isə Santa Roza, Laroda, Formoza, Red Hart, Klimaks, Angelona, Friyar-dır.

Respublikamızda əsasən Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə, Haqverdi sortları becərilir.


Xarici səraitə münasibəti. Ərik bitkisi istiyə tələbkardır. Qısa müddətli şaxtalar ağaclara təsir etmir. Nisbi sükunət dövrü qısa olduğundan fevralda çiçək tumurcuqları inkişafa başlayır. Bu dövrdə olan 18…20° şaxta çiçək tumurcuqlarını məhv edir.

İşığa tələbkardır. Kölgəli yerlərdə çətir çılpaqlaşır və meyvə budaqcıqları tez quruyur. Quraqlığa nisbətən davamlı bitkidir.

Ərik, yaxşı su və hava keçirmə qabiliyyətinə malik yüngül torpaqlarda normal inkişaf edir. Ağır gilli və gillicəli torpaqlarda pis inkişaf etdiyindən əriyin şaftalı və alçaya calanması tövsiyə edilir. Torpağın həcmi çəkisi (xüsusi sıxlığı) 1,5 q/sm3 olduqda ərik bitkisi inkişaf edə bilmir.

Artırılması. Ərik əsasən göz calağı ilə artırılır. Calaqaltı olaraq ərik, alça, badam, şaftalı, gavalı toxmacalarından istifadə edilir. Calaq yayda, iyul-avqustda və sentyabrın birinci yarısına kimi aparılır. Bir sıra özübarlı sortları toxumla da artırırlar. Tinglər güclü böyüyür və onlar birinci ili bağa əkmək üçün yararlı olurlar.

Bağın salınması və qulluq. Ərik bağı üçün onun ekoloji xüsusiyyətlərinə uyğun sahələr seçilir və ümumi qəbul olunmuş qayda əsasında hazırlanır. Hazırlanmış sahə 12-15 hektarlıq sərnələrə bölünür və ağaclar düzbucaqlı əkin sxemi ilə, qida sahəsi 8-7x4-5 m verilməklə əkilir.

Cərgəaraları ağaclar məhsula düşənə qədər qara herik, məhsula düşdükdən sonra isə siderat və kifayət qədər su və qida ilə təmin olunmuş sahələrdə çəmən sistemində saxlanır.

Ərik bitkisi gübrələnməyə müsbət münasibət bəsləyir. Payızdan şum altına, cavan bağlarda təsiredici maddə hesabı ilə 60-90 kq fosfor və kalium, vegetasiya dövründə isə 60 kq azot, yaşlı bağlarda 120-150 kq fosfor, 90 kq kalium, 90 kq azot verilməsi məhsuldarlığa müsbət təsir edir.

Ərik rütubətə orta dərəcədə tələbkardır. Vegetasiya dövründə 4-5 dəfə (çiçəkləməyə qədər, çiçəkləmədən sonra, meyvələr yetişməzdən qabaq, meyvələr yığıldıqdan sonra, yarpaqlar tökülən ərəfədə) hər hektara, yaşdan asılı olaraq 400-600 m3 su norması ilə suvarılır.

Yeni ərik bağının salınması üçün 6x4 m, 6x6 m sxemlər üzrə 5300 manatdan 4450 manata qədər vəsait tələb olunur. Əriyin 1 hektarından 200 sentner məhsul alınarsa həmin sahədən 4000-4500 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 60% təşkil edir.

21.11.2024

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib

20.11.2024

COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib